Naxçıvanda elektron taksi xidməti fəaliyyətə başladı- FOTO

Naxçıvanda elektron taksi xidməti fəaliyyətə başladı-    FOTO
  25 Sentyabr 2020    Oxunub:2732
Naxçıvan Muxtar Respublikasında elektron taksi xidməti fəaliyyətə başlayıb.
Azvision.az -ın məlumatına görə, bununla əlaqədar keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev bildirib ki, Naxçıvanda 496 taksi fəaliyyət göstərir. Bu xidmət növünə olan tələbat nəzərə alınaraq elektron taksi xidməti yaradılıb. İnnovativ sistemlərin tətbiq edildiyi xidmətin qurulması üçün “Bestcomp Group”, (Bestkom Qrup) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanılıb.

Təqdimat mərasimindən sonra “Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yaradılan şəraitlə tanışlıq olub.



Qeyd edək ki, xidmətdən istifadə edən müştərilər əlavə vaxt itirmədən sərfəli qiymətə və rahat şəkildə bütün telefon operatorlarından 288 qısa nömrəli zəng mərkəzinə zəng etməklə, eləcə də mobil tətbiq vasitəsi ilə taksi sifariş edə bilər.

Xidmətin üstünlüyü ondan ibarətdir ki, vahid bir mərkəzdən idarə olunur və sifarişçinin sifarişi qeydə alındığı andan etibarən ünvana ən yaxın məsafədə olan taksiçi qısa zamanda onu mənzil başına çatdırır.

Həmçinin proqram vasitəsilə sifarişin dəyərinin avtomatik hesablanması, sifarişlərin sürücülər arasında obyektiv paylanması, tariflərin rahat tənzimlənməsi işi həyata keçirilir. Bu da sürücü ilə sərnişin arasında şəffaflığın təmin olunmasına şərait yaradır.

Xidmətdə gələcəkdə internet saytı vasitəsilə sifarişlərin qəbulu nəzərdə tutulur.

Azvision.az


Teqlər: Naxçıvan   Taksi   Elektron  





Xəbər lenti