Ərinə psixotrop maddə verdi, bıçaqlayıb öldürdü - TƏFƏRRÜAT

 Ərinə psixotrop maddə verdi, bıçaqlayıb öldürdü -  TƏFƏRRÜAT
  25 Sentyabr 2020    Oxunub:6598
Ötən il iyulun 7-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Araz Sofiyevin yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qəsdən öldürülməsi faktı ilə bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Suraxanı Rayon Prokurorluğunun Azvision.az -a daxil olan məlumatında bildirilib ki, istintaqla Rəna Sofiyevanın əri Araz Sofiyevə psixotrop maddəni naməlum üsulla qəbul etdirməklə onu halsız vəziyyətə gətirib, özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra istintaqa məlum olmayan şəxslə (və ya şəxslərlə) birlikdə kəsici-deşici alətlərlə yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ərinə qarşı müstəsna dərəcə də amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcə də bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqla öldürmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəna Sofiyeva Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş prokuror BƏƏ-nin daxili işlər naziri ilə görüşüb

Həmçinin Rəna Sofiyeva ilə qabaqcadan əlbir olan şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunması məqsədilə həmin cinayət işinin materiallarından Cinayət Məcəlləsinin eyni maddələri ilə cinayət işi ayrıca icraata ayrılmaqla iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəna Sofiyevanın təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Prokurorluq   Qətl  





Xəbər lenti