Baş Prokurorluq: Mingəçevirdə 5 nəfər yaralanıb

    Baş Prokurorluq:   Mingəçevirdə 5 nəfər yaralanıb
  05 Oktyabr 2020    Oxunub:3901
Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
Azvision.az -a daxil olan məlumatda bildirilir ki, işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.

Atılmış 3 raketdən 2-si partlamyıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Azvision.az


Teqlər: Prokurorluq   Mingəçevir  





Xəbər lenti