ANAMA-dan
Azvision.az -a bildirilib ki, oktyabrın 6-da agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 24 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub. Daxil olmuş 25 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hindarx qəsəbəsi və Qaraxanlı kəndi, Ağdam rayonunun Üçoğlan, Böyükbəyli kəndləri və 4 yol qəsəbəsi, Bərdə rayonunun Çəmənli və Xatınçay kəndləri, Beyləqan rayonunun Kəbirli kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Zobcuq qəsəbəsi, Alıxanlı və Kərimbəyli kəndləri, Goranboy rayonunun Qızılhacılı və Balakürd kəndləri, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Yevlax rayonu ərazisindən keçən hissəsinə, Tərtər rayonunun Qazyan, Qarağacı kəndləri və Mehtiyev küçəsi ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı bir ədəd raket, bir ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 598 ədəd bombacıq və 14 ədəd partlamış mərmi qalıqları aşkar edilib.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən bir ədəd kamikadze dron partlayış yolu ilə zərərsizləşdirilib.
Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 6 oktyabr tarixlərində 306 siqnal (əməliyyat çağırışı) əsasında 282 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevirdəki İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 68 ədəd partlamamış hərbi sursat (PHS), 598 ədəd bombacıq, 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 2 ədəd kamikadze dron (yerində zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 94 ədəd partlamış raket hissələri aşkar olunub.
Azvision.az