TƏBİB yoluxmaların artmasının səbəbini açıqladı

   TƏBİB yoluxmaların artmasının səbəbini açıqladı
  10 Oktyabr 2020    Oxunub:3337
“Payız və qış aylarında artıq soyuqlar başlayır və bu zaman bütün respirator infeksiyaların, o cümlədən COVID-19 virusunun aktivləşməsi gözləniləndir. Qadağaların aradan qaldırılması, məktəblərin açılması təmasların sayını artırır. Hələ ki, yoluxma böyük sürətlə artmır".
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bildirib.

Onun sözlərinə görə, qorunma tədbirlərinə ciddi əməl olunması yoluxma sayını nəzarətdə saxlaya bilər.

"Camaatda da arxayınlaşmanın müəyyən qədər rolu var, koronavirusun ikinci plana keçirildiyi hiss olunurdu. Dəfələrlə qeyd etmişik ki, arxayınlaşmaq olmaz. İnsanlar gigiyena qaydalarına ciddi əməl etməlidirlər. Hazırda Avropa ölkələri və bütün dünya ölkələrində koronavirus daha çox narahatedici məsələyə çevrilib. Bəzi ölkələrdə qadağa çağırışları səslənir. Yoluxma sayları bütün dünyada artır”.

A.Qurbanov bildirib ki, Azərbaycanda qadağalar ləğv olunsa da, bəzi qaydalar hələ də qüvvədədir:

“Amma insanlar sanki hazırda karantin rejiminin qüvvədə olduğunu, bəzi qaydaların olduğunu unudurlar. Artıq insanlar arxayınlaşdılar, eyni zamanda təmaslar artdı. Nəticədə yoluxma sayları da artdı. Bugünkü yoluxma sayı son dərəcə narahatedici hal deyil, amma daha çox artım olarsa, bu bizi narahat edə bilər. Buna görə də insanlar lazımsız təmaslardan qaçmalı, imkan daxilində distant işləməli, sosial məsafəni qorumalıdır. İctimai nəqliyyatda, metroda, marketlərdə, təmas olan istənilən yerdə maskadan mütləq istifadə olunmalıdır. Artım daha da çox olarsa, səhiyyə sistemi yenidən yüklənə bilər. Ağır xəstələrin sayı çoxala bilər, arzuolunmaz hallar da artar. Bu vaxtları biz yaşamışıq, amma indi hamımız birlikdə çalışmalıyıq ki, həmin dövlər daha qayıtmasın. İnsanlar çox diqqətli olmalıdır”.

Azvision.az


Teqlər: TƏBİB   Qrip   Yoluxma  





Xəbər lenti