Bakı polisi karantin qaydaları ilə bağlı reyd keçirdi

Bakı polisi karantin qaydaları ilə bağlı reyd keçirdi
  23 Oktyabr 2020    Oxunub:2438
Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də gözlə görünməyən düşmən olan koronovirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir. Sanitar-karantin qaydalarına əməl edilməsi xidmətə cəlb olunan əməkdaşlar tərəfindən daim nəzarətdə saxlanılır. Qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında daim profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara riayət etməyin, sosial məsafənin təmin olunmasının, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir.

Bu məqsədlə paytaxt ərazisində mütəmadi həyata keçirilən reydlər zamanı sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilirlər. Tədbirlər zamanı polislər tərəfindən vətəndaşlara karantin qaydalarına əməl edilməsinin zəruriliyi barədə bildirişlər də paylanılıb.

Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydalarının əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il noyabrın 2-si saat 06:00-dək uzadılıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti