Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanıldı

 Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanıldı
  03 Dekabr 2020    Oxunub:2790
“İşğaldan əvvəl Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsini təbii qazla Azərbaycan təmin edirdi. Bunun üçün magistral və paylayıcı qaz şəbəkəsi də çəkilmişdi. Lakin Ermənistanın təcavüzü nəticəsində qeyd olunan ərazilərin qaz təminatı həmin vaxtdan dayandırılıb".
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu il sentyabrın 27-dən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı əldə edilmiş Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb.

"Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü araşdırılmaqdadır. Qeyd olunan istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaqdır. Hal-hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin qazlaşdırılmasına başlanılması gününü “Azəriqaz”ın kollektivi səbirsizliklə gözləyir və bunu ən müqəddəs vəzifə borcu sayır", - deyə məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: Azəriqaz   Qarabağ  





Xəbər lenti