Vətən müharibəsində 6 mədəniyyət işçisi şəhid olub
Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması və həyata keçirilməsi Ordumuzun şəxsi heyətini əsaslı dərəcədə qorusa da, müharibədə itkilər qaçılmazdır. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu qəhrəmancasına həlak olmuş, yüzlərlə hərbçimiz yaralanıb.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman oğullarımız sırasında mədəniyyət işçiləri də olmuşdur. Müharibənin ilk günlərindən mədəniyyət müəssisələrində çalışanlar da könüllü ordu sıralarına yazılmış və onlardan 65 nəfəri Vətən müharibəsində iştirak etmişdir. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərimizdən 6 nəfər, Füzuli rayon 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev, Gəncə şəhər Nizami Məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov şəhidlik zirvəsinə ucalmışdır.
Vaxtilə Azərbaycan mədəniyyətinə xidmət edən bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışlar.
Vətən müharibəsinin şəhidləri arasında mədəniyyət sahəsində çalışan 161 nəfərin yaxın qohumu da var. 6 nəfər mədəniyyət işçimiz döyüşlərdə yaralanaraq savaşdan qazi kimi dönmüşdür.
Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə, yaxınlarına mətanət diləyirik. Yaralı qazilərimizin tezliklə sağalmasını arzulayırıq.
Qarabağ Azərbaycandır!
Azvision.az
Teqlər: Mədəniyyət-Nazirliyi Şəhid Vətən-Müharibəsi