Turizmlə bağlı silsilə tədbirlərə start verildi

Turizmlə bağlı silsilə tədbirlərə start verildi
  11 Dekabr 2020    Oxunub:2647
Bu gün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərinə start verilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, vebinar formatında keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan haqqında hərtərəfli məlumatlılığın artırılması və hədəf kütlələri ölkənin turizminə töhfə verəcək sahələr barəsində məlumatlandırmaqdır. Tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, cəmiyyəti, şərabçılıq və xalçaçılıq ənənələri, memarlıq nümunələri, ümumi iqtisadi və biznes mühiti kimi mövzular haqqında müzakirələrin aparılması nəzərdə tutulub.

İlk salon-vebinar iş adamları və investorların beynəlxalq şəbəkəsi olan “The Forum” təşkilatının dəstəyi ilə keçirilib. Tədbir “Sülh, Saziş və Transqafqaz regionu: Azərbaycana İqtisadi Baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə həsr olunub.

Tədbirdə “PwC” şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev, “British Business Group Azerbaijan” təşkilatının sədri Con Paterson və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta spiker qismində çıxış ediblər.

Vebinarda Azərbaycanda iqtisadiyyatın inkişaf perspektivləri və prioritetləri, diversifikasiya siyasəti, turizm və kənd təsərrüfatı kimi qeyri-neft sektorunun inkişafına diqqət yetirilməsi barədə müzakirələr aparılıb.

Həmçinin biznes mühitinin son illərdə inkişafı, kiçik və orta biznesə dövlət dəstəyi mexanizmləri, dövlət strukturlarının təkmilləşdirilməsi məqsədi ilə görülən işlər haqqında danışılıb.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta turizmin qeyri-neft sektorunun inkişafında xüsusi yer tutduğunu qeyd edib. O, Azərbaycanın UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmiş məkanları, “Şahdağ” Turizm Mərkəzi kimi beynəlxalq standartlara cavab verən dağ-xizək kompleksləri danışıb.

Tədbirdə işğaldan azad edilmiş ərazilərin böyük turizm potensialına malik olması barəsində də məlumat verilib.

Sonda sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, silsilə tədbirlər çərçivəsində Azərbaycanın şərabçılıq sənayesi, memarlıq sənəti, xalçaçılıq tarixi və ənənələri kimi mövzulara həsr olunmuş 5 salon vebinarın keçirilməsi nəzərdə tutulub. Hər biri müəyyən mövzunu əhatə edəcək tədbirlərdə moderator və mövzu barədə ətraflı biliyi olan spikerlər (Azərbaycanlı və ya xarici tanınmış şəxslər) iştirak edəcək.

Vebinarlar beynəlxalq aparıcı araşdırma mərkəzləri, geosiyasi, işgüzar, mədəni təşkilatlar və şəbəkələrin dəstəyi ilə keçiriləcək.

Tədbirlərin əsas məqsədi xarici media vasitəsilə Azərbaycan haqqında müəyyən informasiyaya malik olan xarici nüfuzlu biznes dairələrini daha ətraflı məlumatlandırmaq, birtərəfli məlumatlılığın qarşısını almaqdır.

Azvision.az


Teqlər: Turzim   Agentlik  





Xəbər lenti