Baş Prokurorluğun Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, vəzifəli şəxslər - Cahangirli Pərviz Vasif oğlu və Kərimov Elçin Rafiq oğlunun “icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkətini təşkil etmələri faktı ilə bağlı toplanan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanan materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarları ilə hər iki şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.
Azvision.az