Xalq şairinin Şuşa xatirələri: “Təsəvvürə gəlməyən mənzərə idi...”

  Xalq şairinin Şuşa xatirələri:  “Təsəvvürə gəlməyən mənzərə idi...”
  08 Yanvar 2021    Oxunub:3790
“Şuşaya qar yağırdı. Bütün ədəbiyyat cameəsi Vaqifin məqbərəsinin önündə toplaşmışdı. Ulu Öndər Heydər Əliyev bizə söz verdikcə, özü də müqəddimələr deyirdi”.

Bunu Azvision.az -a Xalq şairi Nəriman Həsənzadə 1982-ci ilin yanvarın 14-də Şuşada Mollah Pənah Vaqifin məqbərəsinin açılış mərasimindən danışarkən deyib.
O, həmin günlə bağlı xatirələrini yada salaraq bildirib: “Biz ora gedib çatanda artıq Şuşaya qar yağırdı. Hamımız Heydər Əliyevin tikdirdiyi məqbərənin önündə toplaşmışdıq. Süleyman Rüstəm, Mirzə İbrahimov və digər ədəbiyyat adamları orada idi. Heydər Əliyev Vaqifin yubileyi ilə əlaqədar çox gözəl çıxış etdi. O, ədəbiyyatı sevən, oxuyan, şair təbiətli adam idi. Həmin gün mən də Vaqifə yazdığım şeiri oxudum. Bu tədbir Şuşada böyük bir bayram oldu. Bizə söz verdikcə, özü də Vaqif yaradıcılığından müqəddimələr edirdi. Onun ədəbiyyat adamlarına, bizim də ona böyük məhəbbətimiz var idi.

Məqbərə çox gözəl idi, baxdıqca heyran olurdun. Vaqifə layiq mənzərə idi. Kipriyimizə kimi qarın içində idik. Şeir deyirdik, Vaqif poeziyasına müraciət edirdik. Göydən qar tökülürdü. Təsəvvürə gəlməyən mənzərə idi. Şuşa iki qat şadlıq edirdi. Tədbirdən sonra Heydər Əliyev bizimlə maraqlandı, kefimizi soruşdu. Mən həmin tədbirdən sonra bir dəfə də orada oldum. Bu şəhərin ölkə başçımız tərəfindən mədəniyyətimizin paytaxtı elan edilməsi böyük hadisədir. Şuşa işğaldan azad ediləndə Prezident İlham Əliyev atasının məzarı önünə getdi və dedi ki, ata, vəsiyyətinə əməl etdim. Görünür, Ulu Öndərin Şuşa ilə bağlı xüsusi vəsiyyəti olub”.

Şair Ulu Öndər Heydər Əliyevlə bağlı daha bir maraqlı məqamdan söz açıb:

“Cəfər Cabbarlının heykəlinin daşını Ukraynadan gətizdirmişdi. Deyiblər ki, daşı kəsib vaqona qoyaq. Heydər Əliyev razılaşmayıb, tapşırıq verib ki, bütöv gətirin. Beləliklə, heykəl bütöv daşdan hazırlanıb, daş daşın üstünə qoyulmayıb. O, şeirlə nəfəs alırdı. Səməd Vurğunun "Azərbaycan" şeirini deyəndə kövrəlirdi.

“Atabəylər” pyesim səhnələşdiriləndə gəlmişdi. Mən kənarda durmuşdum. Dedi, camaat mənimlə şəkil çəkdirir, sən kənarda durursan. Ən doğma adamımız idi. Onun dövründə nə qədər əsər yazıldı”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Vaqif   Poeziya   NərimanHəsənzadə   HeydərƏliyev  





Xəbər lenti