Nəzarətçi-müəllim və imtahan rəhbərləri mükafatlandırıldı

Nəzarətçi-müəllim və imtahan rəhbərləri mükafatlandırıldı
  14 Yanvar 2021    Oxunub:2645
2021-ci il 14 yanvar tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2020-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında xüsusilə fərqlənmiş nəzarətçi-müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüş keçirib.
Azvision.az xəbər verir ki, iclasda çıxış edən DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.

Sədr ötən il COVID-19 pandemiyası ilə əlaqədar imtahanların daha çətin şərtlər altında keçirildiyini və bu imtahanların təşkilində öz dəstəyini əsirgəməyən müəllimlərə DİM kollektivi adından təşəkkürünü bildirib.

Sədr qeyd edib ki, DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil olunur.

Bu zaman nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və rəyi, köçürmə halları və digər qayda pozuntuları, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində zal nəzarətçisi haqqında rəyləri, nəzarətçinin ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri nəzərə alınır.

Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1178 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 38 nəzarətçi-müəllim, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar da göndərilib.

M. Abbaszadə, həmçinin qeyd edib ki, “Prezident İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq elan olunan səfərbərlik çərçivəsində DİM-də bu il imtahanların idarə olunmasına cəlb olunan 50 nəzarətçi-müəllim döyüş cəbhəsinə yollanıb. 4 nəfər nəzarətçi-müəllim – İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu, Nəciyev Xalid Qabil oğlu Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Allah onlara rəhmət eləsin”!

Məlumat üçün bildirək ki, 2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15657 nəfər olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahanlarda 13043 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq 28157 nəzarətçi) iştirak edib.

Nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilən nəzarətçilərlə yanaşı, köçürməyə və digər qayda pozuntularına yol verən, cəlb edildiyi imtahanlara üzrlü səbəb olmadan gəlməyən nəzarətçilərlə də bağlı tədbir görülüb. Yuxarıda qeyd olunan səbəblərə görə 188 nəzarətçi bazadan xaric edilib və onlar haqqında məlumatlar müvafiq qurumlara göndərilib.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti