Məktəblər bu şərtlərlə açıla bilər

 Məktəblər bu şərtlərlə açıla bilər
  19 Yanvar 2021    Oxunub:6328
22 yanvarda Təhsil naziri Emin Nurullayevin keçirəcəyi brifinqdə hesab edirəm ki, orta məktəblərin yenidən bərpa olunacağı qeyd ediləcək. Düşünürəm ki, 15 sentyabr 2020-ci ildə olduğu kimi, məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açılacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, orta məktəblərdə daxili qiymətləndirilmə I yarım il üzrə həyata keçirilməyəcək.

"Çünki 1.6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. 27 yanvarda I yarım il başa çatır. 23, 24 yanvar şənbə və bazar günləri olduğu üçün müəllim və şagirdlər öz cari işlərində olacaqlar. Qalan 3 gündə isə bütün fənlər üzrə BSQ təşkil etmək mümkün deyil. Ona görə də şagirdlər II yarım il üçün məktəblərə gələndə, o yarım il üçün qiymətləndirilmə həyata keçiriləcək və bu da yekun qiymət olacaq".



K.Əsədov bildirib ki, 22 yanvar brifinqində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması ilə bağlı qərar ola bilər: "I kurslar ümumiyyətlə təhsil müəssisələrinə getməyib, IV kursların isə pedaqoji, istehsalat təcrübələri (plaktika) var, eyni zamanda bəzilərinin akademik borcları (kəsr) var ki, onlar bu semester həll olmalıdır. IV kursların diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər. Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür".

Ekspert hesab edir ki, ənənəvi dərslərdə iştirak etmə könüllü olacaq: "Düşünürəm ki, virusa yoluxmadan narahat olanlar və səhhətində problem olanların dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək. Burada bir problem yaranır. Müəllim bütün günü məktəbdə qruplara bölünmüş şagirdlərə hissə-hissə dərs deyəcək, amma evə gələndən sonra dərsdə iştirak etməyən şagirdlərə yenidən əlavə onlayn dərs keçməlidirmi? Düşünürəm ki, bu, əlavə pullu, ödənişli əsaslarla olmalıdır və ya sistemə yeni müəllimlər daxil edilməlidir.

Tədris qismən və mərhələli şəkildə bərpa ediləndən sonra orta və ali məktəblərdə 65 yaşdan yuxarı şəxslər düşünürəm ki, onlar dərsə buraxılmayacaq. Onların bilik və bacarıqlarından onlayn dərslərdə istifadə etmək lazımdır. Qısa müddət ərzində həmin müəllimlərin əhatə dairəsi müəyyən edilməlidir, MİQ imtahanda iştirak etmiş və müvafiq balı toplayan müəllimləri müddətli müqavilə əsasında dərslərə cəlb etmək olar".

K.Əsədov vurğulayıb ki, dərslər hibrid formada bərpa olunsa, 2020-ci ilin oktyabrında olan səhnə təkrar olunan və yoluxma halları arta bilər:

"Düşünürəm ki, bunun aradan qaldırılması üçün school bus (məktəbli avtobusu) təşkil edilməlidir. Metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Dərslərin müddəti 30-35 dəqiqə olmalıdır. Çünki indi siniflərdə şagirdlərin sayı dəfələrlə az olacaq.

Bütün fənlər tədris olunmamalıdır. Digər fənlər onlayn qaydada həyata keçirilməlidir. Xüsusi ilə ibtidai sinif şagirdlərinə Azərbaycan (rus) dili, Riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir. Məktəblərdə bufet və digər xidmətlər göstərilməməlidir. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin bütün kurslar üzrə dərslərə cəlb edilməsi xüsusi ilə vacibdir. Bu dəfə universitet və kolleclərin açılması mütləqdir.

Repititor və hazırlıq kursları fəaliyyət növləri ilə bağlı qərar qəbul etmə Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmadığından, onlar yalnız 22 yanvarda bu sahələr üçün Nazirlər Kabinetinin qərarını elan edə bilər. Yanvarın 25-i və ya 1 fevraldan repetitor və hazırlıq kurslarının fəaliyyətinə icazə verilməsini gözləyirəm. Etiraf edək ki, təhsilin böyük işini onlar görür. Əlbəttə ki, imtahan nəticələri istiqamətində... Nəzərə alaq ki, bu fəaliyyət növləri biznes subyektləridir və özlərinin kommersiya maraqları üçün qaydalara daha çox riayət edirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Dərs  





Xəbər lenti