Bu gün Beynəlxalq Təhsil Günüdür

Bu gün Beynəlxalq Təhsil Günüdür
  24 Yanvar 2021    Oxunub:2341
BMT-nin qərarına əsasən yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur.
Azvision.az xəbər verir ki, təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Builki Beynəlxalq Təhsil Günü dünyada təhsilin pozulmasına görünməmiş miqyasda təsir edən COVID-19 pandemiyası zamanı keçirilir.

Bu il Beynəlxalq Təhsil Günü “COVID-19 nəsli üçün təhsilin yenidən qurulması və canlandırılması” mövzusuna həsr olunub. Pandemiya 190-dan çox ölkədə məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin bağlanması, savadlılıq və ömür boyu təhsil proqramlarının təmin edilməsindəki fasilələr 1,6 milyard təhsilalanın həyatına təsir göstərib. Təhsili və ömürboyu öyrənməni pandemiyadan qurtarmaq üçün iş birliyini və beynəlxalq həmrəyliyi gücləndirərək təhsil sistemlərini gücləndirməyin zamanıdır.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

COVID-19 pandemiyası Azərbaycanda da təhsil sisteminə təsir göstərib. Pandemiya şəraitində təhsilin davamlılığının qorunması məqsədilə mühüm addımlar atılıb. 2020-ci il martın 11-dən başlayaraq həftənin 5 günü Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Teledərslər bütün sinifləri əhatə edir. Proqramda dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. 2020-ci il aprelin 2-dən teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib.

Hazırda ölkədə 128 min təhsil verən və 1 milyon 400 min təhsilalan onlayn platformada qeydiyyatdan keçib.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti