Opera və Balet Teatrından Nizami ilinə töhfə

Opera və Balet Teatrından Nizami ilinə töhfə
  29 Yanvar 2021    Oxunub:6568
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə Nizami Gəncəvi ili elan edilib.
Ölkə rəhbərinin bu qərarı onun milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsinə daimi qayğısının təzahürü, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbətinin parlaq təcəssümüdür. Dövlətin bu sahədəki fəaliyyyətinə fəal dəstək verən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Prezident sərəncamından irəli gələn öhdəliklər çərçivəsində üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır.

Belə ki, Teatr Nizami ili çərçivəsində yeni bir tamaşanın – görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “ Nizami “ baletini səhnəyə qoyacaqdır. Balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş etmiş şair və mütəfəkkirin həyat və yaradıcıllığına həsr edilmişdir.

Layihənin təşəbbüsçüsü və rəhbəri – Teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru – Teatrın baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşcu baletmeysteri Azərbaycan Respublikasının Xalq artisti Kamilla Hüseynova, quruluşcu rəssamı isə Əməkdar Mədəniyyət işçisi Tehran Babayevdir.

Hazırda yaradıcı qrup quruluş üzərində gərgin iş aparır: dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Teatr yeni quruluşunu bu ilin yazında tamaşaçılarına təqdim etməyi nəzərdə tutmuşdur.

Azvision.az


Teqlər: Balet  





Xəbər lenti