Ötən il xaricdə ölən 14 azərbaycanlının nəşi vətənə gətirilib
2020-ci ildə Komitə və müxtəlif ölkələrdəki diaspor təşkilatları xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşinin ölkəyə gətirilərək ailələrinə təhvil verilməsində yaxından iştirak edib. Amerika Birləşmiş Ştatları, Kuba, Polşa, Belçika, Fransa və Rusiyada dünyasını dəyişən soydaşlarımızın vətəndə torpağa tapşırılması üçün Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də bir çox diaspor təşkilatları lazım olan vəsaiti ödəməyi də öz üzərinə götürüb.
Bu proses təkcə müəyyən vəsaitlərin ödənilməsi ilə müşayiət olunmur, burada cənazələri gətirən şəxslərin də ölkəyə gəlişinin təşkil edilməsi, bununla bağlı müvafiq qurumlarla danışıqların aparılması da vacibdir. Komitə ötən il yaxınlarının nəşini Azərbaycana gətirən onlarla soydaşımızın heç bir çətinliklə qarşılaşmadan tez bir zamanda ölkəyə gəlməsi üçün lazım olan bütün addımları atıb.
Qeyd edək ki, xaricdə dünyasını dəyişən azərbaycanlıların ölüm səbəbləri intihar, qətlə yetirilmə, suda və qazdan boğulma, koronavirus infeksiyası, eləcə də bəzi digər xəstəliklər olub.
Azvision.az