Dövlət komitəsində qazi ilə görüş keçirilib

Dövlət komitəsində qazi ilə görüş keçirilib
  02 Fevral 2021    Oxunub:1807
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və bu qurumun əməkdaşları Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı, İkinci Qarabağ müharibəsi qazisi Elmir Ağalizadə ilə görüşüblər.
Komitədən Azvision.az -a verilən məlumata görə, əvvəlcə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə qazimizə təşəkkürünü bildirib. Zəfər dolu bu günlərin yaşanmasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin rolundan bəhs edən B.Muradova, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıb. Bu yolda can qoyan Xalqımızın, Ordumuzun hər bir nəfərinin, öz zəhməti, gərgin əməyi ilə xidmət edərək bu qələbəni nəinki ölkənin, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdığı qeyd edilib, ölkəmizin artıq dinc quruculuq və abadlıq dövrünə qədəm qoyduğu bildirilib.

Vətən müharibəsində şəhid olan ölməz igidlərimizi yad edən Komitə sədri, onların heç bir zaman unudulmayacağını, bir ömür boyu onlara minnətdarlıq hissi duyacağımızı çatdırıb. Allahdan şəhidlərimizə rəhmət diləyən sədr, bu şanlı qələbə münasibətilə hər kəsi təbrik edərək, Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımızın döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu, onların göstərdikləri qəhrəmanlıqlardan gənclərimizə danışılmalı olduğumuzu diqqətə çatdırıb.

Qazimiz Elmir Ağazadə çıxış edərək Bahar Muradova başda olmaqla Komitə əməkdaşlarına müharibə dövründə ailəsinə göstərdikləri qayğı və dəstəyə görə minnətdarlığını bildirib, anasının salamlarını və təşəkkürlərini çatdırıb, Vətən qarşısında borcunu yerinə yetirmək imkanına görə şərəf duyduğunu, şəhid olan qardaşlarını daim kədər hissi ilə yad edəcəyini qeyd edib. Görüş zamanı igid qazimiz döyüş xatirələrindən bəhs edib, ailəsinin Birinci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə şəhid verdiyini qeyd edərək bu gün onların gözünə daha rahat baxdığını bildirdi. Xalq tərəfindən gördükləri dəstəyə diqqət çəkən E.Ağalizadə, balaca balaların əsgərlərə yazdığı məktubların onları necə sevindirdiyini dilə gətirdi. O, ölkə başçısı başda olmaqla dövlət tərəfindən göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Qarabağ qazisi Elmir Ağalizadəyə vətən müharibəsində fəal iştirakına görə Dövlət Komitəsi adından fəxri fərman təqdim edilib, xatirə şəkli çəkdirilib.

Görüşdə sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva və Komitə əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, E.Ağalizadə Tərtər, Talış, Suqovuşan, Hadrut, Laçın, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması” və “Laçının azad olunması” medalları ilə təltif olunub.

Azvision.az


Teqlər: Komitə   Görüş   Qazi  





Xəbər lenti