105 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı

    105 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı
  03 Fevral 2021    Oxunub:2520
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən cinayətkarlıqla, o cümlədən ümumbəşəri bəla olan narkotik vasitələrin cəmiyyətin müxtəlif təbəqələri arasında geniş yayılmasının qarşını almaq istiqamətində fasiləsiz və qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən təkcə son sutka ərzində keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 105 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.

Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Qadir Baladadaşov saxlanılıb. Onun Binəqədi rayonunda yaşadığı evə baxış zamanı ümumi çəkisi 80 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 55 kiloqram heroin, 2 kiloqram 700 qram tiryək, 10 kiloqram marixuana, 13 kiloqram psixotrop maddə olan metamfetamin, 500 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri və 1 ədəd elektron tərəzi götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Qadir Baladadaşov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsinə köməklik edib. Daha sonra o, icarəyə götürdüyü avtomobillə narkotik vasitələri Masallı-Yardımlı yolunun kənarında gizlədilən yerdən götürərək Bakı şəhərinə gətirib. Qadir Baladadaşov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhərinin müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş. Bu işdə ona qohumu Səbuhi Həsənov da kömək edib. Hər iki şəxs tutularaq istintaqa təqdim ediliblər

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının da daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşən Ağayev və İlham Əsgərov rayonun “Qızıl Dərə” adlanan ərazisində saxlanılıblar. Onlara məxsus bağlamalara baxış zamanı ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən - 14 kiloqram 410 qram heroin, 5 kiloqram 695 qram marixuana, 90 qram tiryək, 4 kiloqram 205 qram metamfetamin, həmçinin 4323 ədəd içərisində “Metadon” həbləri də olan psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, bu şəxslər də adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı tərəfindən Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri Yardımlı rayonu ərazisində qəbul ediblər. Daha sonra Elşən Ağayev və İlham Əsgərov narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdə gizlətməli və həmin şəxsin deyəcəyi yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti