Nazirlər Kabinetinin hərbçilərə və şəhid ailələrinə psixoloji yardımla bağlı Qərarına uyğun olaraq hansı işlər həyata keçirilir? Müraciətlər əsasən hansı şikayətlərlə bağlı olur və hansı müalicə üsullarından istifadə edilir?
"Sağlıq Evinizdə" proqramı tezliklə Azərbaycanda, Real TV-də! |
Psixoloji yardıma müraciət ilə bağlı onu demək istərdim ki, daha çox rast gəlinən pozuntu Posttravmatik stress pozuntusudur. Belə pasiyentlər travmanın obrazlar, sarışan fikir və yuxular şəklində təkrar yaşanmasından şikayət edirlər. Bundan əlavə, onlarda travmanı xatırladan məkan və insanlardan yayınma, həmçinin yüksək həddə təşviş və qıcıqlanma müşahidə olunur. Təəssüf ki, hərbçilərdə tez-tez kompleks travma, yəni Posttravmatik stress pozuntusundan əlavə baş beynin üzvi travması simptomları da qeyd olunur . Belə hallarda mövcud şikayətlərə baş ağrıları, səsə qarşı həssaslıq, nitqin, yaddaş və diqqətin pozulması da əlavə olunur.
Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərən tibbi personal hansı təlim və kurslardan keçirilib və ya gələcəkdə keçiriləcək?
-Bizim gözləntimiz odur ki, psixoloji yardım mərkəzlərinə işə qəbul olunan psixoloqlar gərəkli biliklərə sahib olacaqdır, lakin pasiyentlərin spesifikliyini nəzərə alaraq onlar üçün xüsusi təlimlər keçiriləcəkdir. Təlimlər proqramına psixoloji yardım göstərilməsi haqqında yeni qəbul olunmuş dövlət sənədlərilə tanışlıq, posttravmatik stress pozuntusu zamanı xüsusi müayinə və diaqnostika üsulları, psixoloji yardımın fərdi və qrup şəklində göstərilməsi, həmçinin tibbi sənədlərin yazılması qaydaları, hesabatlar və digər tibbi və sosial xidmətlərlə koordinasiya ilə tanışlıq daxildir.
Hansı hallarda qrup, hansı hallarda fərdi müalicə üsullarından istifadə olunur?
-Əslində psixoterapiyanın hər iki formatı əvəz edilmir, lakin bir-birilə çox yaxşı uzlaşır. Məsələn, terapiyanın başlanğıc mərhələsində pasiyentlərin problemlərilə daha yaxından tanış olmaq və ona iş üsullarını öyrətmək üçün fərdi format tətbiq edilir. Daha sonra o, qrup məşğələlərində iştirak edə bilər. Fərdi işin üstünlüyü odur ki, konkret pasiyentin konkret problemində diqqəti cəmləmək olur. Lakin mənfi cəhəti də vardır, belə ki, böyük zaman tələb edir. Qrup terapiyasının güclü tərəfi qrup dəstəyi resursunun böyük olması və pasiyentlərin problemlərinin həllini birgə axtarması, uğurlu təcrübələrini bölüşməsidir.
Məlumdur ki, Nazirlər Kabinetinin Qərarından sonra Mərkəzin iş yükü xeyli artmışdır. Hazırda hansı çətinliklərlə üzləşirsiniz?
-İlk öncə demək istərdim ki, bizim Mərkəzimizdə olduqca yaxşı mütəxəssislər çalışır. Onların bir çoxu Harvard, Liverpul, Sarbonna, Yenn, Lissabon və digər dünyanın aparıcı universitetlərində təhsil alıb. Belə təhsil diaqnostik və müalicə fəaliyyətinin yüksək keyfiyyəti deməkdir. Lakin bu hal müəyyən çətinliklər də yaradır. Məsələ ondadır ki, bir çox dövlət müəssisələri bizim rəyimizə etibar edərək pasiyentləri təkrar müayinə və ya diaqnozun təsdiqlənməsi üçün Mərkəzimizə yönləndirirlər. Bir tərəfdən biz təbii ki, belə münasibəti yüksək qiymətləndiririk. Lakin digər tərəfdən bu hal mütəxəssislərimizin onsuz da ağır iş yükünü bir qədər də artırır. Bu zaman mütəxəssislər məcburdur ki, vaxtının çoxunu müayinə prosesinə deyil, kağız işinə sərf etsin. Bundan əlavə, iş həcminin artması əlavə psixiatr, klinik psixoloq və sosial işçi ştatına ehtiyac yaradır. Bu mütəxəssislərin bir çoxu uşaq və yeniyetmələrə yardım göstərdiyi üçün onlar hərbçilərə yardım işinə cəlb edilə bilməz.
Kadr təminatından bəhs etdikdə regional psixoloji yardım mərkəzlərinə mütəxəssislərin qəbulunun necə həyata keçirilməsi məsələsi bizi narahat edir. Regionlarda ən azı 2-3 psixoloq fəaliyyət göstərməlidir. Heç kim üçün sirr deyil ki, Bakıdan fərqli olaraq regionlarda belə mütəxəssislərin çatışmazlığı ola bilər. Fikrimcə regional psixoloji yardım mərkəzlərində işləməyə razı olan psixoloqlar üçün magistratura pilləsində ödənişsiz əsaslarla klinik psixologiya yerlərinin təqdim edilməsi yolu ilə bu məsələni həll etmək olardı. Bununla onların işə cəlb edilməsi üçün əlavə stimul yaranacaqdır.
Vətən Müharibəsində çalınan zəfər hərbçilərimizin müalicəsində nə kimi müsbət təsirə malikdir?
-Təbii ki, Vətən Müharibəsində qələbəmiz xəstəliyin müalicəsi və proqnozuna müsbət təsir göstərir. Bugün kontuziyadan sonra nitqinin pozulmasından əziyyət çəkən bir hərbçi Mərkəzimizə müayinə üçün müraciət etmişdi. O danışa bilmirdi, lakin qürurla telefonundakı hərbi fotolarını göstərirdi. Bu hədsiz təsirli anlar idi. Biz fotolara baxdıqca hər birimiz düşünürdük ki, şanlı qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir.
Azvision.az