Agentlikdən
Azvision.az -a verilən məlumata görə, elektron xidmətin yaradılmasında məqsəd tibb müəssisələrinin potensialına görə müraciətləri bölüşdürmək və insan axınını səmərəli idarə etməkdir. Eyni zamanda, onlayn növbə xidməti vətəndaşların vaxtına qənaət etməyə imkan yaradır, belə ki, onların bilavasitə peyvənd məntəqələrində gözləmə növbəsində sərf edəcəkləri vaxt minimuma enir.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 1-ci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin sözügedən elektron xidmətdən istifadəsi nəzərdə tutulub. Belə ki, xidmətdən yararlanmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olub “COVID-19 vaksin randevu” xidmətini seçməlidirlər. Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.
Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Məlumat üçün bildirək ki, son 1 ildə COVID-19 testi pozitiv çıxan vətəndaşlar onlayn növbə sistemi tərəfindən avtomatik müəyyən edilir və onların müraciəti qeydə alınmır.
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbənin götürülməsi ilə bağlı izahlı video təlimatla buradan tanış ola bilərsiniz.
Azvision.az