AQTA yoxlama keçirdi, yararsız məhsullar aşkarlandı

AQTA yoxlama keçirdi, yararsız məhsullar aşkarlandı
  08 Fevral 2021    Oxunub:1417
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən "Sabko" MMC-yə məxsus anbarda yoxlama keçirib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, keçirilən yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub.

Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.


Azvision.az




Teqlər: AQTA   Anbar  





Xəbər lenti