Naxçıvanda 46 500-ə yaxın şəxsin pensiyası artırılacaq
Sərəncamın operativ icra edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların yenidən hesablanması üçün fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib, pensiyaların sığorta hissəsinin məbləğinin artırılması prosesinə başlanılıb.
Fondun yerli orqanları tərəfindən indeksləşmə qısa müddət ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar yanvar ayının artımları da daxil olmaqla, fevral ayının pensiyası ilə birgə veriləcək.
Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və digər bu kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış əmək pensiyaçılarının pensiyalarına bu artım şamil olunmayacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2021-ci il 5 fevral tarixdə Sərəncam imzalayıb. Bu sərəncam pensiya təminatında artım dinamikasının, ümumən əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin cari ildə də uğurla davam etdirildiyini göstərir.
Azvision.az