DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a bildirilib ki, İsmayıllıda fevralın 15-i gecə saatlarında şəhərin Məhsəti küçəsində və rayonun Bizlan kəndi ərazisində yerləşən ərzaq mağazalarından oğurluq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polislər tərəfindən hadisə yerlərinə baxış keçirilib, naməlum şəxslər tərəfindən mağazaların giriş qapıları sındırılaraq, oradan ümumi dəyəri 4500 manat olan siqaret, içkilər, telefon danışıq kartları, pul və digər əşyalar oğurlandığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən 3 nəfər - Qobustan rayon sakini Şirxan Əzizov, Gədəbəy rayon sakinləri-Emin Mustafayev və Taleh Bağırov Abşeron rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı onların respublikanın bir neçə rayonunda törətdikləri analoji cinayət əməllərinin də üstü açılıb.
Belə ki, dostların Göyçay, Kürdəmir, Ağsu, Qəbələ rayonlarında ümumilikdə 7 telefon və ərzaq mağazasına daxil olaraq oradan oğurluq etdikləri məlum olub. Həmin şəxslərdən oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Digər mobil cihazların isə telefon aksesuarları mağazasında satıcı işləyən Emin Mustafayev tərəfindən satıldığı, əldə etdikləri pulu isə öz aralarında bölüşdürdükləri aşkar olunub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, şübhəli şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Azvision.az