1800-ə yaxın qaziyə tibbi xidmət göstərilib - Agentlik
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş müraciətlər əsasən qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stress pozuntusu, nevrasteniya, gərginlik tipli baş ağrıları, cərrahi sarğılara və tikişlərə qulluq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı olub. Müraciət etmiş şəxslərə ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələr təyin olunub, onların müayinə və müalicəsi üçün zəruri addımlar atılıb.
18 nəfər müharibə iştirakçısı və şəhid ailə üzvləri oftalmoloji, uroloji, travmatoloji, ginekoloji, otorinolarenqoloji xəstəliklər və ümumi cərrahiyyə üzrə əməliyyat olunaraq sağlamlığına qovuşub.
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib ki, cari ilin fevral ayında Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə təşkilatçılığı, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib. Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar. Türkiyəli həkimlər Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı, Buzovna qəsəbəsindəki Reabilitasiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında döyüşlərdə yaralanmış 155 hərbçini müayinə ediblər.
Vüqar Qurbanovun sözlərinə görə müayinəyə əsasən yuxarıda adıçəkilən ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi davam edən və evə yazılmış qazilər cəlb olunublar: “Hərbçilər müharibə dövründə aldıqları zədənin ağırlıq dərəcəsinə görə çeşidlənib və onlar haqqında tibbi rəy verilib. Müayinələrin nəticələrinə əsasən 5 qazinin vəziyyəti həddən artıq ağır qiymətləndirilib və əməliyyat olunması üçün Türkiyədən bir neyrocərrahın və onun komandasının yaxın vaxtlarda Bakıya səfəri nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülür”.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam edəcək.
Azvision.az
Teqlər: İcbari-sığorta Qazi Şəhid-ailəsi