`Avro-2016`-dakı rəqiblərimiz – DOSYE

`Avro-2016`-dakı  rəqiblərimiz – DOSYE
  25 Fevral 2014    Oxunub:1230
Milli komandamızın AVRO-2016-dakı rəqiblərinin adları artıq aydındır. Püşk beşinci səbətdə yer alan millimizə birinci səbətdən İtaliya, ikinci səbətdən Xorvatiya, üçüncü səbətdən Norveç, dördüncü səbətdən Bolqarıstan, altıncı səbətdən isə Malta yığma komandalarını rəqib seçdi.

Əslində, qrupdan çıxmaq uğrunda mübarizə aparmayan yığmamız üçün hansı rəqiblərlə qarşılaşacağının o qədər də önəmi yox idi. Bu mənada İtaliya, Xorvatiya və Norveçin adı bizi elə də qorxutmamalıdır. Yer aldığımız H qrupundan birbaşa Avropa çempionatına vəsiqə qazanmaq, eləcə də qrupu üçüncü sırada tamamlamaqla pley-offda yarışmaq uğrunda qrupun favoritlərinin mübarizə aparacağı şübhəsizdir. Amma istənilən halda, milli komandamızın rəqiblərini ayrı- ayrılıqda dəyərləndirmək maraqlı olardı.

İtaliya

1934, 1938, 1982 və 2006-cı illərdə Dünaya çempionatının qalibi, 1970 və 1994-də gümüş, 1990-cı ildə isə bürünc mükafatçısı olan İtaliya yığması tarixi ərzində bir dəfə isə Avropa çempionatının (1968) qızıl medallarını qazanıb. Bundan başqa, 2000 və 2012-ci illərdə qitə birinciliyinin gümüş medallarına sahib olan “Skuadra adzurra” H qrupunun aşkar favoriti sayılır. Yayda Braziliyada düzənlənəcək mundiala məğlubiyyət acısı dadmadan qrup lideri kimi yollanan Çezare Prandellinin yetirmələrinin millimizin yer aldığı qrupda da eyni uğuru təkrarlamaq ehtimalı yüksək qiymətləndirilir.

Yeri gəlmişkən, qeyd edək ki, dünya çempionatlarının 7, qitə birinciliklərinin isə 3 medalını qazanan kollektiv milli komandamız üçün yad sayılmır. Belə ki, İtaliya millisi indiyə kimi Azərbaycan yığması ilə iki dəfə qarşılaşıb. Xatırladaq ki, AVRO-2004-ün seçmə mərhələsində üz-üzə gələn yığmaların ilk oyunu 2002-ci ilin sentyabrına təsadüf etmiş və Bakıdakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Komandaların həmin seçmə mərhələdəki cavab matçı isə 2003-cü ilin oktyabr ayında baş tutmuş və Reco di Kalabriya şəhərində keçirilən oyun İtaliya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Yeri gəlmişkən, xatırladaq ki, təqvimə əsasən milli komandamız İtaliya yığması ilə bu il oktyabrın 10-da doğma meydanda, gələn ilin eyni günüdə isə səfərdə qarşılaşacaq.

Xorvatiya

Xorvatlar müstəqillik qazandıqdan sonra futbol dünyasına ilk dəfə 1998-ci ildə səs salmışdı. Ovaxt Fransada təşkil olunan mundialda bürünc medal qazanan Xorvatiya millisi sonradan beynəlxalq arenada ciddi uğur qazana bilməsə də, bununla belə, hazırda qitənin sayılıb-seçilən milli komandaları sırasındadır.

Qarşıdakı dünaya çempionatının seçmə mərhələsini 17 xalla tamamlayan və pley-off mərhələsində İslandiyanı üstələməklə mundiala vəsiqə qazanan Niko Kovaçın yetirmələri qrup mərhələsini ikinci sırada bitirməyə əsas namizəddir. Xorvatiya milli komandasının zəif yeri kimi müdafiə xətti diqqət çəkir. Müdafiə xəttində uzun illər çıxış edən Şimuniçin millidəki çıxışını başa vurmasından sonra arxa xəttdə problemləri olan “damalılar” Vedran Çorluka, İvan Rakitiç, Dario Srna, Mario Mancukiç, Luka Modriç, Niko Krançar, İvitsa Oliç və s. səviyyəli oyunçulardan qurulduğundan komandanı güclü rəqib kimi qəbul etməmək mümkün deyil. Hər halda, Xorvatiya ardıcıl 4-cü dəfə mundialda iştirak etmək hüququ qazanması sıradan fakt deyil.

Məlumat üçün bildirək ki, iki komanda arasında ilk oyun bu il oktyabrın 13-də Xorvatiyada, cavab qarşılaşması isə sentyabrın 3-də ölkəmizdə keçiriləcək.

Bolqarıstan

Püşkün üçüncü səbətdən yığma komandamıza rəqib seçdiyi Bolqarıstan yığması Avropa çempionatında 2, dünya çempionatında 7 dəfə çıxış etməklə yadda qalıb. 1956-cı ildə Melburn Olimpiadasında bürünc, 1968-ci ildə Mexiko Olimpiadasında gümüş medal qazanan və 1994-cü ildə ABŞ-da keçirilən mundialda 4-cü yer tutan “şirlər” yetərincə səviyyəli komanda olsa da, dünya çempionatının seçmə mərhələsində imkanlarından aşağı çıxış etdiyindən Lyuboslav Penevin “drujinası”ndan gözləntilər yüksək deyil.

Məhz bu üzdən heç də yaxşı günlərini yaşamayan Bolqarıstan seçmə komandasından ən azı doğma publika qarşısında xal almaq olar. Yeri gəlmişkən, qeyd edək ki, milli komandamız seçmə mərhələdəki ilk matçını məhz bu ilin sentyabr ayının 9-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Tərəflərin ikinci görüşü isə 2015-ci ilin oktyabrında baş tutacaq və Bolqarıstandakı oyun qrup mərhələsinin son qarşılaşması olacaq. Xatırladaq ki, milli komandamız Bolqarıstan yığması ilə üç dəfə yoldaşlıq matçında qarşılaşmış və iki oyunda uduzduğu (0:3;0:2) bolqarlarla bir görüşdə heç-heçə (0:0) oynamışdı.

Norveç

Yığma komandamız atletik futbola üstünlük verən komandalarla qarşılaşmalarda bir qayda olaraq çətinlik çəkir. Məhz bu səbəbdən Berti Foqtsun komandası üçün Norveçin asan rəqib olduğunu deyə bilmərik. Ənənəvi Skandinaviya futbolu nümayiş etdirən Per-Matias Hoqmonun rəhbərlik etdiyi komanda son 4 dünya və 3 Avropa çempionatına vəsiqə qazana bilməsə də, millimiz üçün uğursuz rəqiblərdən hesab olunur.

Belə ki, indiyə qədər qitənin şimal yığması ilə iki dəfə qarşılaşan milli komandamız hər iki matçda rəqibinə boyun əyib. Məlumat üçün bildirək ki, 1998-ci ildəki dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşan komandaların 1996-cı ilin iyununda Oslo şəhərində baş tutan ilk oyununda Norveç seçməsi 5:0, bir il sonra Bakıda keçirilən görüşdə isə 1:0 hesabı ilə qalib gəlmişdi.

Avropanın şimalında İsveç və Danimarkadan sonra gücünə görə 3-cü komanda sayılan və FİFA reytinqində 60-cı olan Norveç bir dəfə Avropa, üç dəfə isə dünya çempionatına qatılsa da, ciddi uğur qazana bilməyib. Komandanın yeganə uğuru isə 1936-cı il Berlin Olimpiadasında bürünc medal qazanmasıdır.

Xatırladaq ki, iki komandanın qrup mərhələsindəki ilk oyunu bu il noyabrın 13-nə, cavab qarşılaşması isə gələn il iyun ayının 12-nə təsadüf edəcək. Onu da qeyd edək ki, komandamız ilk oyunu Bakıda, cavab qarşılaşmasını isə səfərdə keçirəcək.

Malta

Bəlkə də əksər futbol azarkeşləri Azərbaycan yığmasının Malta millisi ilə qarşılaşmalarına 6 xallıq oyun kimi baxır. Amma indiki halda bu bir qədər mübaliğəli yanaşma olardı. Nə də olsa, indiyə qədər seçmə mərhələdə heç bir komandada ilə oyunda maksimum xal qazanmamağımız belə deməyə əsas verir. Digər tərəfdən, Maltanın qeyri-rəsmi qarşılaşmalarda olsa da, dörd matçdan üçündə yığmamızı üstələməsi də sıradan fakt deyil.

Məlumat üçün bildirək ki, italiyalı Pyetro Qedinin rəhbərlik etdiyi ada təmsilçisi ilə yığmamızın ilk göörüşü 1994-cü ilə təsadüf etmiş və Ta Kali şəhərindəki qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yükunlaşmışdı. Bundan 6 il sonra isə beynəlxalq turnirdə Malta ilə qarşılaşan millimiz bu dəfə qapısında üç cavabsız qol görmüşdü. İki komandanın 2002-ci ilin aprelində Maltada baş tutan matçında isə ada təmsilçisi minimal hesabla qalib gəlmişdi. Komandalar arasında hələlik sonuncu olan görüş isə ötən ilin avqustunda Bakıda keçirilmiş və yığmamız Malta üzərində 3:0 hesablı qələbə qazanmışdı.

Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan və Malta milli komandalarının hər iki qarşılaşması gələn il keçiriləcək. Tərəflərin martın 28-dəki oyununda meydan sahibi millimiz, sentyabrın 6-dakı görüşündə isə rəqib olacaq.

Tural Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti