Bakıda 3 məktəbdə ənənəvi dərslər bərpa olundu

 Bakıda 3 məktəbdə ənənəvi dərslər bərpa olundu
  30 Mart 2021    Oxunub:2621
Martın 30-da paytaxtdakı 102, 248 nömrəli tam orta məktəblərdə və 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.
Bu barədə Azvision.az -a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, 102 və 248 nömrəli tam orta məktəblərdə, 246 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVİD-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

Onu da qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlığına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində həyata keçirilən mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır.

Azvision.az


Teqlər: Məktəb   Koronavirus  





Xəbər lenti