Ənənəvi, yoxsa onlayn dərs: Təhsilin pandemiya sınağı

 Ənənəvi, yoxsa onlayn dərs:  Təhsilin pandemiya sınağı
  31 Mart 2021    Oxunub:4597
Azərbaycanda koronavirusa yoluxma halları artır. Son günlər sağalanlarla müqayisədə virusa yoluxanların artması aktiv xəstələrin sayının çoxalmasına, xəstəxanaların, təcili yardımın yüklənməsinə, daha çox tibbi heyətin prosesə cəlb olunmasına gətirib çıxarır.
Koronavirus xəstələri arasında təhsil işçiləri və məktəblilərə də rast gəlmək olar. Bu isə yoluxma aşkarlanan təhsil müəssisəsində dərslərin iki həftəlik distant formaya keçməsi ilə nəticələnir. Təhsil Nazirliyinin açıqladığı son məlumata görə, bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edilir. Şagirdlərin dərsə davamiyyəti 80 faizə qədərdir. 1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib.

Eyni zamanda, Təhsil Nazirliyi pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirir. Sorğuda pandemiyanın hazırkı mərhələsində ümumtəhsil müəssisələrində fəaliyyətin mövcud qaydada davam etdirilməsi, bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsi, yoluxmanın daha çox olduğu bölgələrdə tədris distant, digərlərində isə ənənəvi qaydada davam etdirilməsi və digər məsələlər soruşulur. Dünəndən başlayan sorğuda iştirak edənlər arasında tədrisin ənənəvi qaydada davam etdirilməsini istəyənlərlə yanaşı, distant formaya keçirilməsini qeyd edənlər də az deyil. Distant tədrisi dəstəkləyənlər sağlamlığı hər şeydən üstün tutduqlarını əsas gətirirlər. Ənənəvi qaydada tədrisin davam etməsini seçənlər isə cəmiyyətin bu virusla yaşamağa məhkum olduğunu qəbullanır.

Distant formada tədrisin keçirilməsini istəyən valideynlərdir uşaqların koronavirusa yoluxması və xəstəliyi ağır keçirməsindən narahatdırlar.

COVID-19 qlobal pandemiya elan edildikdə, virusun uşaqlara minimal mənfi təsir göstərdiyi, onların xəstəliyi gizli, simptomsuz keçirdiyi deyilirdi. Hətta uşaqların xəstəliyi gizli yayması barədə iddialar irəli sürülürdü. Lakin COVID-19-un yeni mutasiyaları böyüklərlə yanaşı, uşaqlar üçün də təhlükəli hal hesab edilir. Belə ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan yeni ştammın 0-9 yaşda uşaqlar arasında daha çox yoluculuğa səbəb olduğu, onların xəstəliyi ağır keçirməsi ilə bağlı xarici media orqanlarında həkimlər tərəfindən geniş məlumatlar paylaşılır. Uşaqlarda COVID-19 ilə əlaqəli meydana çıxan MİS-C və ya Uşaqlarda Multisistemli İltihab Sindromunun ürəyə mənfi təsir etdiyi diqqətə çatdırılır. Həkimərin bildirdiyinə görə, ürəyin əzələ iltihabı miokarda səbəb olur ki, bu da gələcəkdə koronavirus səbəbindən ürək xəstəliklərinin artması ilə nəticələnə bilər.

Qeyd edək ki, Koronavirusinfo.az saytında yer alan məlumata əsasən, Azərbaycanda 0-9 yaş arasında koronavirusa yoluxanların sayı 3 faiz, 10-19 yaş arasında yoluxanlar isə 6 faiz təşkil edir. Artıq bir ildən çoxdur ki, dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Xəstəlikdən çıxış yolu insanların vaksinasiyadan keçməsində göstərilir. Azərbaycanda da yanvarın 18-dən vakinasiya prosesinə başlanılıb və bu günə qədər 540 minə yaxın şəxs peyvənd olunub. Məktəblərdə ənənəvi dərslərin davam etdirilməsi üçün vaksinasiya vacibdir, bu məqsədlə 50 yaşdan yuxarı müəllimlər də peyvənləmə prosesinə cəlb olunublar. Proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd edilib.

Ümumilikdə isə məktəblərdə tədrisin ənənəvi qaydada davam etməsi və ya mövcud yoluxma göstəricisinə əsasən distant formaya keçməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə müəyyən edilir. Təhsil müəssisələrində tədrisin ənənəvi formada davam etməsi pandemiya ilə mübarizədə qızıl qaydalara əməl etməklə mümkündür. Əks təqdirdə pandemiyanın fəsadları təhsil sistemindən də yan keçməyəcək.

Unutmayaq ki, bizim dünyanı cənginə alan bəladan qurtuluş yolumuz öz əlimizdədir. Qaydalara əməl etməklə və peyvənd olunmaqla əvvəlki həyatımıza qayıda bilərik. Bununla gələcəyimizə işıq salan təhsil sistemini də pandemiyadan xilas etmiş olarıq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Dərs  





Xəbər lenti