“Distant təhsil o qədər də effektiv deyil” - Ekspert

 “Distant təhsil o qədər də effektiv deyil” -  Ekspert
  01 Aprel 2021    Oxunub:3676
Fevralın 1-dən tədris prosesi mərhələli və qismən bərpa ediləndə gözlənilirdi ki, yoluxma sayı artsın. Amma rəqəmlərin bu qədər çoxalacağı gözlənilmirdi. Fevralın 1-ə qədər ölkədə tədrisin bərpası prosesi olmuşdu. 2020-ci ilin sentyabrın 15-dən oktyabrın 19-dək tədris prosesi təşkil edilmişdi və bu zaman yoluxma sayı indiki qədər deyildi. Lakin hazırda yoluxmaya görə tədris prosesini dayandıran məktəblərin sayı kifayət qədər çoxdur.
Bunu Azvision.az -a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ölkənin 4447 ümumtəhsil məktəbinin 4427-də tədris prosesi mərhələli şəkildə bərpa olunub və hazırda 1,6 faiz məktəbdə tədris prosesi distanta keçib.

“Düşünürəm ki, bu, kifayət qədər ciddi rəqəmdir. Mart ayından məktəblər arasında yoluxma hallarının artması müşahidə edilir. Təkcə I sinif şagirdləri arasında COVID-19 diaqnozu qoyulmuş və əlamətləri müşahidə edilən 300-dən çox şagird tədris prosesindən kənarlaşdırılıb. Bu müddət ərzində 20 minə yaxın valideyn övladının əyani dərs prosesində iştirak etməsindən imtina ilə bağlı iltizam sənədi imzalayıb. Bir çox bölgələrdə kütləvi şəkildə yoluxmaların olduğunu nəzərə almaq lazımdır. Gəncə, Tovuzda məktəb direktoru koronavirusdan vəfat edib. Bir çox yerlərdə, o cümlədən Bakıda müəllimlər arasında koronavirus diaqnozu ilə vəfat edənlər də var. Bunlar ciddi rəqəmlərdir”.



K.Əsədov qeyd edib ki, bu gün ümumtəhsil məktəblərində tədris prosesinin ənənəvi təşkili distant təhsillə müqayisədə daha effektivdir:

“Onlayn tədris zamanı şagirdlərin heç də hamısının kompüter, planşet, internet imkanı olmurdu ki, dərslərdə iştirak etsin. Eyni zamanda onlayn rejimdə bütün dərslərin keyfiyyətli keçirilməsi mümkün deyildi. Regionlarda internet imkanlarının məhdud olduğunu nəzərə almalıyıq. Riyaziyyat, fizika, kimya fənlərinin məsafədən keçirilməsi effektiv deyil. İbtidai sinif şagirdləri oxu və yazı bacarıqlarını onlayn qaydada mənimsəyə bilmirlər. Bunlar ciddi faktorlardır və nəzərə alınmalıdır. Bunların fonunda tədrisin qismən də olsa ənənəvi formada bərpası yeganə üsuldur.

İlk dəfədir ki, təhsil naziri tədrisin davamlılığı ilə bağlı sorğu keçirir. Bu, ictimai fikrin yolxanılması üçün yaxşı vasitədir, lakin burada məsələlərə obyektiv və subyektiv yanaşmaq olmaz. Sorğuda iştirak edən respondentlər istəklərinə uyğun cavab verirlər. Bəs səhiyyə, mövcud vəziyyət nə deyir?
Mənim seçimim budur ki, yalnız yoluxma müşahidə edilən məktəblər bağlanmalıdır”.



Təhsil eksperti hesab edir ki, tədrisin distant formaya keçirilməsi effektiv deyil:

“Almaniyada yuxarı siniflər məktəbə getmir, yalnız ibtidai siniflər gedir. Çünki onlar oxumaq, yazmaq bacarıqlarını, auditoriyada davranış qaydalarını öyrənirlər ki, bunlar məsafədən mümkün deyil. Təcrübə ola bilər ki, ibidai siniflər məktəbə getsin, digərləri olmasın. Bu, kəskin şəkildə məktəblərdə hərəkəti azaldacaq. Bu gün 100-dən çox məktəbin distanta keçməsi vəziyyətin təhlükəli olduğunu göstərir, yoluxma sayı 2 minin üzərindədir. Bakı şəhərinə bir məktəbdə yoluxmalar olursa, bir neçə gündən sonra ona yaxın məktəbdə yoluxma baş verir. Çünki ailənin üzvləri hərəsi başqa-başqa məktəblərdə oxuyur və ya valideyn işləyir. Burada ictimai nəqliyyatın birmənalı şəkildə rolu qeyd edilməlidir. Məktəbli avtobuslarının olmaması, şagirdlərin ictimai nəqliyyatdan istifadə etməsi, kollektiv şəkildə gedib-gəlməsi simptomsuz xəstələrin digərini yoluxdurmasına səbəb olur”.

K.Əsədov bildirib ki, yuxarı sinif şagirdləri teledərs, virtual məktəb vasitəsilə onlayn dəslərə uyğunlaşa bilərlər. Aşağı sinif şagirdləri isə ənənəvi qaydada məktəbə getməlidir, onların zəruri bilikləri əldə etməsində maraqlı olmalıyıq. Burada müəllimlərin vaksinasiyası vacibdir.

Ekspert hesab edir ki, risk qrupunda olan yaşı 40-dan yuxarı müəllimlər peyvəndə cəlb olunarsa, tədris prosesini dayandırmağa və hər hansı fasiləyə ehtiyac olmayacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb   Distant  





Xəbər lenti