ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
  01 Aprel 2021    Oxunub:2474
ADA Universitetinin Karyera Mərkəzi tərəfindən Karyera Hazırlığı Həftəsi keçirilir. Bu gündən etibarən başlayan Karyera Hazırlığı Həftəsi aprelin 10-dək davam edəcək.
Universitetdən Azvision.az -a verilən məlumata görə, tədbir çərçivəsində maliyyə, bankçılıq, istehlak, informasiya və telekommunikasiya, audit və konsaltinq sahələrində fəaliyyət göstərən 14 yerli və xarici müəssisənin, şirkət, beynəlxalq təşkilat və dövlət qurumunun yüksək ixtisaslı peşəkarları onlayn təlim və seminarlar keçəcəklər.

ADA tələbələrinin iş mühitinə asanlıqla keçidini təmin edən bu Peşəkar Hazırlıq kursu PAŞA Bankın baş sponsorluğu ilə həyata keçirilir.

Tədbirdə təmsil edilən tərəfdaş qurumlar sırasında "ATL Tech", Azərbaycan Beynəlxalq Bankı, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi, "Caspian Innovation Center", “Deloitte & Touche”, “DOST” Agentliyi, "EKVITA", Elektron Hökumətin İnkişafı Mərkəzi, “Ernst & Young”, "Eurodesign", Kapital Bank, PAŞA Bank, "Unilever" və "Yelo" Bankı qeyd etmək olar.

Peşə fəaliyyətinə başlamağa hazır gəncləri bir araya gətirən Karyera Proqramında ADA Universitetinin 250-dən çox ikinci, üçüncü və dördüncü kurs bakalavr tələbəsi iştirak edir. Lakin həmin tələbələr akademik göstəricilərinə, gələcək karyera hədəfləri və maraq dairələrinə, eləcə də ünsiyyət bacarıqlarına müvafiq olaraq 18 nəfərlik fərqli qruplara bölünüblər. Həmin qrupların təsnifatına uyğun olaraq Karyera Həftəsində təmsil edilən müvafiq şirkətlərin rəsmi nümayəndələri təlimlər keçəcək, onları təmsil etdikləri sektor üzrə yeni trendlər, karyera fürsətləri, eləcə də əmək bazarının dəyişkən tələbləri barədə məlumatlandıracaq. Məqsəd tələbələrin peşəkar iş mühitinə keçidini dəstəkləmək, onları zəruri bilik və bacarıqlarla təmin etmək, tələbələri gələcək peşəkarlar kimi yetişdirməkdir.10 günlük təlimlərin sonunda qruplar üzrə ən uğurlu 3 nəfər tələbə seçilərək mükafatlandırılacaq.

Karyera Hazırlığı Həftəsi çərçivəsində keçiriləcək sonuncu tədbir Virtual Karyera Sərgisidir. 15-16 aprel tarixlərində keçiriləcək Sərgidə 50-dən çox yerli və beynəlxalq statuslu şirkət ADA-nın 1500-ə yaxın tələbə və məzununa müxtəlif karyera fürsətləri təqdim edəcək.

Qeyd edək ki, ADA Universiteti nəzdində 2009-cu ildən fəaliyyət göstərən Karyera Mərkəzi, ADA tələbələrinin öz karyera istiqamətlərini müəyyənləşdirməsində və planlaşdırmasında, onların rəqabətədavamlı kadrlar kimi yetişməsində xüsusi rol oynayır. Hər il mütəmadi olaraq keçirilən Karyera Sərgiləri vasitəsilə Karyera Mərkəzi işəgötürənlə tələbələr arasında körpü rolunu oynayır. Bunun nəticəsidir ki, ADA Universitetinin məzunlarının məşğulluq səviyyəsi 90 faizdən yuxarıdır.

Azvision.az


Teqlər: ADA   Universitet  





Xəbər lenti