Düşmənin təbiətimizə vurduğu yaralar: Zəngilana yaşıl həyat qayıdır - VİDEOREPORTAJ

  Düşmənin təbiətimizə vurduğu yaralar:  Zəngilana yaşıl həyat qayıdır -  VİDEOREPORTAJ
  10 Aprel 2021    Oxunub:16411
İşğaldan azad edilmiş ərazilərə növbəti səfərimiz Zəngilan rayonuna oldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə təkşil olunan səfərin məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar olunmuş mineral xammal yatağına və digər təbii sərvətlərə baxış keçirmək idi.
İlk olaraq Zəngilan şəhərinin girişində terras üsulu ilə salınmış meşə sahəsi ilə tanış olduq. Daha sonra erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutdu.



Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakıyla Zəngilan rayonunda növbəti ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkildi, həmçinin, palıd, şərq çinarı və tut ağacının toxumları əraziyə səpildi.



Ağacəkmə aksiyasında iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd etdi ki, jurnalistləri Zəngilana gətirməkdə məqsəd erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terroru göstərməkdir. Nazir müavini, həmçinin əlavə etdi ki, işğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb.



“Bu gün Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşəlik olub. İşğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə, ermənilərin dağıtdığı ərazilərin miqyası daha çox olacaq. Əsas məqsəd tez bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq etməkdir. Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Ərazilər minalardan təmizləndikcə, ağacəkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraların qısa zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq", - deyə nazir müavini vurğulayıb.

Növbəti baş çəkdiyimiz ərazi rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsidir. İşğal dövründə düşmən burada da ekoloji terror törədib. Meşə ərazisindəki ağaclar kəsilib, meşə talan olunub.



Nazirliyin Qarabağ sektorunun müdiri Raqub Mirzəyev düşmənin törətdiyi ekoloji terror barədə jurnalistlərə ətraflı məlumat verdi.

Qeyd edək ki, Zəngilan rayonu ərazisindən keçən Oxçuçay ermənilər tərəfindən çirkləndirilir. Bunu çayın kənarında olduğumuz zaman müşahidə etdik. Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür. Çay Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalır.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirdi ki, bu ilin üç ayı ərzində aparılan monitorinqlərə əsasən, Oxçuçayda nikel, dəmir və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb. Çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır.

“Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə, çaylarda nikelin miqdarı 7 dəfə, dəmirin 4 dəfə, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb. Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhvi aşkarlanıb. Hazırda çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb".



Zəngilana səfərimiz zamanı Sarıqışlaq kəndi yaxınlığında yerləşən Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsinə də baş çəkdik. Düşmən işğal dövründə yatağı istismar edib. Ərazidə ekoloji terrorun izlərini aşkar görmək mümkündür. Məlum olur ki, ermənilər üzlük daşlarını talan edərək Ermənistana daşıyıblar. Onlar yataq ərazisində istifadə etdikləri texnikaları müharibə vaxtı ataraq qaçıblar.



Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov bildirdi ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb. Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsi haqqında məlumat verən xidmət rəisi vurğuladı ki, yatağın ümumi ehtiyatı 6 milyon 618 min kubmetrdir.

“İşğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb. Yataqda düşmən tərəfindən aparılan istismarın həcmini və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".

Zəngilana səfərimiz zamanı sonuncu baş çəkdiyimiz məkan Ördəkli kəndi ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğudur. Mənfur düşmən bu ərazidə də çirkin əməllərini davam etdirib. İşğaldan dövründə çinarların böyük hissəsini məhv edib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədovanın sözlərinə görə, Zəngilan rayonunda iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digəri isə Arazboyu Dövlət Təbiət yasaqlığıdır. Bəsitçay Dövlət Təbiət qoruğunun ümumi sahəsi 107 hektardır:

"Qoruq 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruq unikal ekosisteminə görə fərqlənir. Bura təbii hallarda Şərq Çinarlarının bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq Çinarları, qalan hissəsi isə qarışıq meşəlikdir. Qoruq ərazisindəki ağacların yaşı əsasən 150-200 ildir. Aralarında yaşı 1500 ildən çox olan ağaclar da var".



Nazirlik rəsmisi onu da bildirdi ki, qoruğun vadisində Bəsitçay çayı axır:

"Çay öz mənsəbini Zəngəzur silsiləsindən alır və 15 kilometr qoruğun ərazisindən keçir. Şərq Çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 hektar meşə sahəsi məhv edilib. Arazboyu Dövlət Təbiət yasaqlığı isə 2200 kvadrat metr ərazini əhatə edir. Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təəssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur".



Bununla da Zəngilana səfərimizi yekunlaşdırıb geri qaydırıq. Bir günlük səfərimiz zamanı göstərə bildiklərimiz hələlik bunlardır. Ümid edirik ki, növbəti səfərlərimizdə əkdiyimiz ağacların yaratdığı yaşıllıqların füsunkar görüntülərini oxucularımıza təqdim edəcəyik.

Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Zəngilan   ETSN   Səfər   IDEA  





Xəbər lenti