ABŞ-da Nizami Gəncəviyə həsr edilmiş konsert keçirilib

ABŞ-da Nizami Gəncəviyə həsr edilmiş konsert keçirilib
  08 May 2021    Oxunub:2638
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yaşayan Əməkdar artist, tanınmış piano ifaçısı Emil Əfrasiyabın təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual konsert keçirilib.
Azvision.az xəbər verir ki, konsertə 100-dən çox iştirakçı qoşulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinə dair Sərəncamına əsasən təşkil olunan tədbirə tanınmış teleaparıcı Saleh Bağırov moderatorluq edib. Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu nəzərə çatdırıb.

Dahi şairin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyi vurğulanıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin şairin yaradıcılığına xüsusi diqqət yetirdiyi qeyd edilib. 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün əhəmiyyəti vurğulanıb.

Sonra tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Şəlalə Vəliyeva səfir Elin Süleymanovun təbriklərini tədbir iştirakçılarına çatdırıb. Bildirib ki, Nizami Gəncəvinin məşhur "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır və dahi şair böyük ədəbi məktəbin bünövrəsini qoyub.

Tədbirin bədii hissəsində Nizami Gəncəvinin şeirlərinə və qəzəllərinə bəstələnmiş əsərlər səsləndirilib. Xalq artisti Samir Cəfərovun ifasında "Gül camalın", "Gözüm aydın, gözümə" mahnıları, Əməkdar artist Abbas Bağırovun ifasında "Sənsiz" və "Sevgili canan" romansları, Leyla Əfrasiyab Babayevanın ifasında "Etmədədir" və "Könlüm" mahnıları təqdim edilib. "Qaytağı" ansamblının rəhbəri, Xalq artisti Ənvər Sadıqov "Əhməd haradadır?" kinofilmindən instrumental musiqini və "Azərbaycan musiqi inciləri" adlı popurini, Əməkdar artist Emil Əfrasiyab pianoda "Vaqifsayağı" və "Əzizə" kompozisiyalarını ifa ediblər.

Sonda Emil Əfrasiyab tədbirə dəstəkləyənlərə təşəkkürünü bildirib.

Azvision.az



Teqlər: Konsert  





Xəbər lenti