`Neftçi`nin futbolçusu: `Qarabağ`ın şansı çoxdur - MÜSAHİBƏ

`Neftçi`nin futbolçusu: `Qarabağ`ın şansı çoxdur - MÜSAHİBƏ
  14 Mart 2014    Oxunub:1566
Milli komandamızın son təlim-məşq toplanışında yığmamızın qarşılaşdığı Filippin millisinin qapısından top keçirməklə debüt matçında qol hesabını açan Elvin Yunuszadə hazırda idman mediasının gündəmində olan futbolçudur.
Bu səbəbdən də “Neftçi”nin oyunçusu ilə əlaqə saxlamağı və onunla həm milli komandamız, həm də “Neftçi” barədə danışmağı lazım bildik.

- Filippinlə oyun həm millidə debüt etməyiniz baxımından, həm də hesabı açmanız baxımından əlamətdar oldu. Oyun haqqında düşüncələrinizi bilmək istərdik.

- Yoldaşlıq görüşü olsa da, qələbə qazanmaq xoşdur. Qarşılaşmada fərqlənməyim və bu qolun milli komandamıza qələbə gətirməsi də ikiqat sevinc yaradır.

- Artıq milli komandamızın üzvü sayıldığınızdan AVRO-2016-nın seçmə mərhələsində qərarlaşdığımız qrup haqqında fikir bildirməyiniz də yerinə düşər

- Asan qrupa düşdüyümüzü demək olmaz. Amma bununla belə, indidən təslim olmaq fikirində deyilik. Sona qədər mübarizə aparmaqla maksimum xal yığmağa çalışacağıq.

- Hələ ötən seçmə mərhələnin sonlarında milli komandamızın çalışdırıcısı Berti Foqts yığmamızın AVRO-2016-nın seçmə mərhələsində üçüncü yer uğrunda mübarizə aparacağımızı açıqlamışdı. Əsas yığmamızın qrupda üçüncü olmaq şansını necə qiymətləndirirsiniz?

- Dediyim kimi, asan qrupda mübarizə aparacağımızı deyə bilmərəm. Amma istənilən halda hər şey özümüzdən asılıdır. Məncə, milli komandamızın son oyunları sözügedən hədəf üçün bizə ümid verir.

- Milli komanda mövzusuna toxunmuşkən Olimpiya millimizin çıxışı barədə danışmamaq olmaz. U-21-in AVRO-2015-dəki qarşıdan gələn oyunlarından nə gözləyirsiniz? Sizcə, komanda qrupu neçəni sırada bitirə bilər?

- Məncə, U-21-in qarşıdakı oyunlardakı çıxışı barədə indidən nəysə demək, Komandanın nəticələrini indidən proqnozlaşdırmaq asan məsələ deyil. Amma Olimpiya millimizin inamlı təsir bağışlayacağına inanıram.

- Gənclərdən ibarət yığma ilə yanaşı, əsas millidə də oynamaq şansı qazandınız. Hansı kollektivdə mübarizə aparmaq daha çətindir?

- Ümumi götürəndə hər iki yığmada oynamaq çətindir. Hansı milli komandaolmasından asılı olmayaraq orda oynamağın məsuliyyəti böyükdür. Gərək istənilən halda tam gücünlə oynayasan.

- Bir az da “Neftçi”dən danışaq. Premier-liqanın son turunda qalib gələn, ölkə kubokunda isə “İnter”lə dünənki səfər oyunundan sərfəli nəticə ilə ayrılan komandanın uğursuzluq zolaqdan çıxdığın demək olarmı?

- Məncə, komandanın bu qələbəyə ehtiyacı var idi. Komandadaxili atmosferin qaydasına düşməsi üçün Qəbələ səfərindən üç xalla dönməyin əhəmiyyəti böyükdür. Ölkə kubokunun 1/4 final mərhələsində “İnter”lə matça gəlincə, ümumilikdə səfərdə qeydə alınan 1:1-lik bərabərlik pis nəticə olmasa da, qələbə hesabını qoruya bilmədiyimiz üçün məyusam. Əgər oyunun gedişində penaltini qola çevirsəydik hesab başqa cür olardı.

- “Qəbələ” ilə oyuna qədərki son 5 oyunda qalib gəlməyən komandanın əsas problemi nə idi?

- Bunu konkret bir şeylə əlaqələndirmək çətin olsa da, cəzalı oyunçularımızın çox olması komandanın oyununa təsirsiz ötüşmürdü. Son qarşılaşmada tam heyətlə oynayaraq qalib gəlməyimiz də hər şeyi ortaya qoyur.

- Son çempionat oyununda qalib gəlsəniz də, hazırda “Neftçi” dördüncü sıradadır və lider “Qarabağ”ın 10 xal gerisindəsiniz. Çempionluğun əldən getdiyini demək olarmı?

- Düşünürəm ki, hələlik hansı komandanın çempion olacağı haqqında birmənalı danışmaq tezdir. Amma “Qarabağ”ın qızıl medallara ən real namizəd olması da danılmazdır.

- Böyükağa Hacıyevin dönüşü sevinclə qarşılanmışdı. Hətta Nazim Süleymanovun dövründə komanda üzvlərinin bilərəkdən qeyri-sabit çıxış etməsi, intizamsızlıq nümayiş etdirməsi haqqında xəbərlər dolaşdırdı. Bu haqda nə deyərdiniz?

- Bu, sadəcə söz-söhbət idi. “Neftçi”nin daxilində heç vaxt belə bir şey olmayıb. Kiminsə bilərəkdən zəif təsir bağışlaması haqqında deyilənlərin heç bir əsası yoxdur.

Mahir Şükürov "AZAL-la oyundan sonra futbolçular Nazim Süleymanovu döymək istəyirdi" açıqlamasını verməklə diqqət çəkmişdi. Bu haqda nə deyərdiniz?

- Man, ümumiyyətlə, belə şeylər haqqında danışmıram. Bu üzdən məsələyə münasibət bildirmək istəmirəm.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti