Blinkenin səfəri: ABŞ Hindistanı Əfqanıstana sürükləyir

 Blinkenin səfəri:  ABŞ Hindistanı Əfqanıstana sürükləyir
  26 İyul 2021    Oxunub:4902
ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün Hindistana və Küveytə səfərə çıxır. Başlıca mövzu Əfqanıstan olacaq. ABŞ Talibanın hücumları fonunda həm Qərbdəki, həm də Şərqdəki müttəfiqlərini əfqan hökumətini dəstəkləmək, Kabul hakimiyyətini güclə devirməyin qarşısını almaq üçün səfərbər edir.
ABŞ bu məsələdə regionda əsas etibarilə Hindistana arxalanır, çünki ona düşmən olan Pakistanın sponsorluq etdiyi Talibanın qayıdışı bu ölkə üçün daha böyük təhlükədir. Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət katibinin səfəri ərəfəsində Pakistan hərbçilərinin artıq Əfqanıstanın taliblərin nəzarət etdiyi sərhəd rayonlarına daxil olması barədə informasiyalar yayılıb.

Entoni Blinken dövlət katibi olduqdan sonra Dehliyə ilk dəfə səfər edir. O, Hindistanın xarici işlər naziri Subraminyam Cayşankar və baş nazir Narendra Modi ilə görüşəcək. Vaşinqton artıq danışıqlarda əsas mövzunun əfqan böhranının eskalasiyası olacağını bildirib.

ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasının yekunlaşması zəruri resurslara və siyasi iradəyə malik müəyyən xarici oyunçuların yaranmış təhlükəsizlik boşluğunu dolduqmaq və ölkəyə nəzarəti itirmiş prezident Əşrəf Qəni hökümətinə dəstək vermək məsələsini bütün kəskinliyi ilə ortaya qoyur. Bu mənada ABŞ əsas “stavkanı” Hindistana qoyur. Hindistan Vaşinqtona münasibətdə loyaldır, regionda Əfqanıstan rəhbərliyi ilə ən sıx dostluq əlaqələrinə malikdir. Bundan başqa, Hindistan “Talibana” danışıqlara qabil və islam layihəsindən imtina etməyə hazır siyasi qüvvə kimi baxmır.


“Biz bütün regionun maraqlarına uyğun olaraq Əfqanıstanın stabil və təhlükəsiz olmasını istəyirik. Ona görə də, hind tərəfdaşlarımızla bu məqsədə çatmaq üçün işləyəcəyik”, - E. Blinkenin Dehliyə səfəri ərəfəsində dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisini əvəz edən Din Tompson bildirib. Amerikalı diplomat Dehlini ABŞ-ın regionda əsas tərəfdaşı adlandırıb və əfqan böhranının tənzimlənməsiylə bağlı Hindistanın səylərini alqışlayıb.

2001-ci ildə Taliban rejimi devrilərkən Dehli Kabula 3 milyard dollar yardım etmişdi. Bu, ABŞ-ın yardımından az olsa da, istənilən qonşu dövlətdən xeyli çox idi.


Bunun əsas səbəbi odur ki, Hindistan taliblərin Kabulda hakimiyyəti ələ keçirməsində qətiyyən maraqlı deyil. Çünki onların arxasında Hindistanın özünə düşmən saydığı Pakistan dayanır.
Entonu Blinkenin səfəri ərəfəsində Hindistan daha bir sıqnal aldı: Əfqanıstandakı situasiyanın dinamikası ondan daha həlledici hərəktlər gözləyir. Əfqan televiziya şirkəti RTA-nın yaydığı video-süjetə görə, Pakistan hərbçiləri Əfqanıstanın hazırda taliblərin nəzarət etdikləri sərhəd rayonu olan Qəndəhara daxil olublar.

Hadisələri şərh edən Pakistan DİN başçısı Şeyx Rəşid Əhməd bildirib ki, “ordunu Əfqanıstana hərbçilər və yaraqlıların sərhədi keçməsinin qarşısını almaq üçün göndərmişik”. Onun sözlərinə görə, Pakistan hərbçiləri qanunsuz sərhəd pozuntularının qarşısını almaqla məşğul olan sərhəd polisini əvəz edirlər. Pakistan DİN-in rəhbəri onu da qeyd edib ki, Əfqanıstandakı konflikt onun daxili işidir və İslamabad heç kəsin tərəfini saxlamır.


Lakin Hindistan tərəfi Pakistan ordusunun Əfqanıstanın sərhəd rayonlarındakını hərəkətini Talibanın sponsorlarının onu daha fəal və aşkar şəkildə dəstəkləməsinə dəlil kimi qiymətləndirir.
Belə bir şəraitdə və regiona səfəri ərəfəsində Entoni Blinken Əfqanıstanla bağlı verdiyi yeni gurultulu bəyanatında etiraf etdi ki, ABŞ-ın və müttəfiqlərinin Kabuldakı rejimin güclə devrilməsi ssenarisinin qarşısını almaq üçün rıçaqları yoxdur, lakin taliblər bunun onlara baha başa gələcəyini anlamalıdırlar.

“Bizim ölkədə hakimiyyəti zorla ələ keçirməyə cəhd edə biləcəklərini bəyan edən Talibanın hərəkətləri ilə bağlı ciddi narahatlıqlarımız var. Lakin bu baş versə, Əfqanıstan təcrid olunmuş dövlət olacaq. O axtardığı və Talibanın öz sözlərinə görə, ehtiyac duyduğu yardımları almayacaq. Beynəlxalq birlik ona ehtiyac duyduğu dəstəyi verməyəcək”, - ABŞ dövlət katibi amerikan telekanalı MSNBC-ə müsahibəsində deyib.


Həmin gün ABŞ prezidenti Co Bayden Əfqanıstan prezidenti Əşrəf Qəni ilə telefonla danışıb. Söhbətin nəticələri ilə bağlı Ağ Evin yaydığı bəyanatda deyilir ki, “Talibanın hücumlarının davamı hərəkatın münaqişəni danışıqlar yolu ilə tənzimləməsini dəstəkləmək haqqında bəyanatına ziddir”. Telefon söhbətinin gedişində Co Bayden ABŞ-ın Əfqanıstanın təhlükəsizlik qüvvələrinə dəstəyi davam etdirməyə hazır olduğunu bildirib. Ağ Evin mətbuat xidmətinin verdiyi xəbərə görə, 2022-ci maliyyə ilində Konqresə ünvanlanan büdcə sorğusunda Əfqanıstanın təhlükəsizlik qüvvələrinə 3,3 milyard dollar ayrılması təklif olunur. Bu məbləğin 1 milyardı Əfqanıstan HHQ-yə təstək üçün təklif olunur. Daha 1 milyardı ABŞ administrasiyası əfqan ordusunun xərcləri və təchizatı üçün xərcləmək istəyir, 700 milyon dollar da əfqan hərbçilərinin maaşına sərf ediləcək.

Bundan başqa, ötən cümə günü prezident Bayden dövlət katibi Blinkenə göndərdiyi bildirişdə, administrasiyasının Əfqanıstandakı Amerika qoşunlarına müxtəlif köməkliklər göstərən əfqan vətəndaşlarının ölkədən evakuasiya edilməsi üçün 100 milyon dollar ayırdığını göstərib.

Nadir Qocabəyli
Azvision.az



Teqlər: Blinken   Əfqanıstan   Hindistan  





Xəbər lenti