Qarayev: `Vaqif Cavadovu nəzarətdə saxlamaq lazımdır`

Qarayev: `Vaqif Cavadovu nəzarətdə saxlamaq lazımdır`
  16 Mart 2014    Oxunub:1214
AzVision.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Qara Qarayev azerisport.az saytına müsahibəsində "İnter"lə oyundan, Vaqif Cavadovdan və AFFA-nın qərarından danışıb.

- Lider olduğunuzu nəzərə alaraq hər görüş xüsusi əhəmiyyət kəsb edir. "İnter"lə matç nə dərəcədə çətin olacaq?

- "İnter" Azərbaycan çempionatının güclü klublarından biridir. Öz futbol fəlsəfəsi olan və daim rəqibə qarşı diqqətli oynayan komandadır. "İnter"lə oyunumuz son dərəcə çətin olacaq. Bu komanda hər zaman "Qarabağ"a qarşı yaxşı oynayıb. Bununla belə məqsədimiz qələbədir. "Qarabağ" ardıcıl olaraq xal qazanmaqda davam etmək istəyir. Hər xal bizim üçün çox vacibdir.

- "Qarabağ" izləyicilərini 9 xal qabaqlayır. Bu mənada növbəti oyuna arxayın çıxmaq mümkündür...

- Biz çempionluq barədə düşünmürük. Qarşıda 11 tur var. Bu oyunlar zamanı çox şey dəyişə bilər. Hər qələbəyə 3 xal verirlər. Ona görə diqqətli olmaq lazımdır. 9 xal 3 qələbə deməkdir. Yəni arxayınlaşsaq, bizə baha başa otura bilər. Əksinə, əsas rəqiblərimiz üzərində qələbə qazanmaq istəyirik. Premyer Liqada əsas mübarizə indi başlayır.

- "İnter"in heyətində əsas hansı futbolçunu fərqləndirə bilərsən?

- Əlbəttə, Vaqif Cavadov. Keçmiş komanda yoldaşım "İnter"in əsas oyunçularındandır. Hər oyun qol vurur. Özü də demək olar ki, bütün komandalara qarşı matçda fərqlənib. Cavadov "İnter"in sanki "vuran ayağı"dır. Onu nəzarətdə saxlamaq lazımdır. Vaqifin qol duyumu yaxşıdır. Ona görə rəqiblərə başağrısı olur.

- Deməli, siz Vaqif Cavadovu nəzarətdə saxlayacaqsız?

- Xeyr. Biz komanda futbolu oynayırıq. Fərdi mübarizə bizə aid deyil. Əgər Cavadovu nəzarətdə saxlasaq, İaşvili fərqlənə bilər. Tək İaşvilini saxlasaq, onda Baçana problem yaradacaq. Biz "İnter"ə qarşı mübarizə aparacağıq. Deməli, meydanda olan hər bir futbolçu bizim rəqibimizdir. Fərdi mübarizə futbolda uğur qazandırmır.

- Əksəriyyət "İnter"in müdafiə futbolu oynadığını söyləyir...

- "İnter" neçə illərdir müdafiəyə daha çox diqqət yetirir. Elə olur ki, meydanda 5 müdafiəçiylə çıxış edir. Bizə qarşı da bəzən 5 müdafiəçiylə mübarizə aparır. Amma sürətli futbolçuları da var. Onlar müdafiədən hücuma sürətlə keçirlər. Yeni transfer olunan legionerlərini qeyd etmək istərdim. Hücuma sürətlə keçirlər və nəticədə qapı qarşısında həyəcanlı anlar yaşanır.

- "Qarabağ"ın kubokda səfərdə "Qəbələ" ilə 0:0 oynaması şanslarınızı azaldır?

- Cavab matçında da şanslar bərabərdir. Kubokda çempionatda olduğu kimi sona qədər mübarizə aparacayıq. Düzdür, bir qədər çətindir. Amma hər iki cəbhədə yarışmaq həm də mütləqdir. Cari mövsüm necə çıxış etdiyimiz çempionatın sonunda məlum olacaq. Liderliyi sona qədər qorumaq və kubokda mümkün qədər irəliləmək vacibdir.

- AFFA İcraiyyə Komitəsi 21 yaşınadək olan futbolçuların məvacibinə limit tətbiq edib. Səncə, bu qərar gəncləri həvəsdən salmayacaq?

- AFFA-nın bütün qərarları futbolun inkişafına nəzərdə tutulub. Onlar istəyirlər ki, gənclər legioner həyatı yaşasın. Fikrimcə, düzgün qərardır. Bu gənclərə daha diqqətli olmağı və səylə çalışmağı öyrədəcək. Bu gün 2000-3000 manat alırıqsa, deməli sabah 2-3 milyon qazanmaq üçün belədir. Bu qərar gələcəyə düşünülüb. İndi bəlli məvacib alacaqlarsa, bir neçə ildən sonra daha yaxşı oynamaqla çox qazanmaq mümkün olacaq.


Teqlər:





Xəbər lenti