Nəticə göstərməyən əcnəbilər kimə lazımdır?

Nəticə göstərməyən əcnəbilər kimə lazımdır?
  18 Mart 2014    Oxunub:1508
Orxan Sübhan

Bir müddət əvvəl paytaxtımız daha bir mötəbər turnirə təşkilatçılıq etdi. Söhbət qadın voleybolçular arasında təşkil olunan Çempionlar Liqasının “Dördlər finalı”ndan gedir.
Əslində belə bir yarışın final mərhələsinin ölkəmizdə keçirilməsi bir azərbaycanlı kimi məni çox sevindirdi. İndiyədək respublikamızda dünya və Avropa çempionatları, beynəlxalq miqyaslı müxtəlif turnirlər keçirilib və hələ təşkilatçılıqdan narazı qalan olmayıb. Hər dəfə görülən işlərdən, ev sahibliyindən ağızdolusu danışılıb. Bu dəfə də belə oldu.

Yarışda Azərbaycanı “Rabitə” klubu təmsil etdi və 4 komanda arasında 3-cü yeri tutdu. Pis nəticə olmasa da, yaxşı da deyil. Niyə? Çünki son illərin dəyişməz Azərbaycan çempionu artıq 3-cü dəfədir ki, “Dördlər finalı”nda mübarizə aparmaq imkanı qazanır. Lakin hələ də qalib adını qazanmaq təmsilçimizə qismət olmayıb. Bəs səbəb nədir?

“Rabitə”nin heyətində yer alan voleybolçuların hamısı legionerlərdir. Üstəlik, turnirin Bakıda keçirilməsinə görə komandamız bu dəfəki “Dördlər finalı”nda birbaşa mübarizə aparmaq hüququna yiyələnib. Əgər təmsilçimiz həlledici mərhələyə vəsiqə üçün pley-off oyunlarından keçsəydi, kim bilir sonluq necə olacaqdı?

Bununla belə, “Rabitə”ni zəif komanda kimi təqdim etmək fikrim də yoxdur. Azərbaycan çempionatı dünyada sayılıb-seçilən liqalardandır. Məhz belə bir yarışın ən güclüsü Çempionlar Liqasının da qalibi olmaq iqtidarındadır.

Milli komandamız dünya, Avropa çempionatlarının final mərhələlərində mütəmadi olaraq mübarizə aparırsa, müxtəlif klublarımız Avropa Konfederasiyalar Kuboku, eləcə də Çağırış Kuboku turnirinin qalibi ola bilirsə, niyə “Rabitə” Çempionlar Liqasında 1-ci olmağa çətinlik çəkir? Özü də heyətində bir nəfər də olsun azərbaycanlı voleybolçu olmayan bir komanda.

Əgər yüksək ödənişli voleybolçularla “Dördlər finalı”nın qalibi olmaq mümkün deyilsə, onda bunun nə faydası var? Səbəb sadədir - gözdən pərdə asmaq.

Görəsən, nə vaxtsa yerli voleybolçularla əcnəbilərin vəhdətindən ibarət hansısa komandamızı Çempionlar Liqasının qalibi kimi görmək bizə qismət olacaqmı? Bunun üçün ölkə çempionatında yarışan komandalarımızı heyəti yerli voleybolçularla gücləndirməyə məcbur etmək lazımdır.

Artıq bu yöndə addımlar atılır - milli komandamızın təcrübəli baş məşqçisi, federasiyanın vitse-prezidenti Faiq Qarayev bildirib ki, növbəti mövsümdən Super Liqanın reqlamentində dəyişiklik ediləcək. Milli komandanın bazasını gücləndirmək məqsədilə çempionatda mübarizə aparan 6 klubun hər birinin heyətində minimum 2 azərbaycanlı voleybolçu olmalıdır. Amma bu voleybolçular oynayacaqmı?

Bəlkə bu 2 nəfərdən heç olmasa biri mütləq şəkildə meydanda da olsun? Necə ki, AFFA İcraiyyə Komitəsi Premyer-Liqada mübarizə aparan klubları yaşı 21-dək olan 1 futbolçunun mütləq şəkildə meydanda olmasına məcbur edib, zənnimcə bunu Voleybol Federasiyası da bacarar.


Teqlər:  





Xəbər lenti