Rövnəq Abdullayevin nikbinliyi nəyə əsaslanır? - TƏHLİL

Rövnəq Abdullayevin nikbinliyi nəyə əsaslanır? - TƏHLİL
  02 Aprel 2013    Oxunub:11203
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin keçən ayın sonunda jurnalistlərə açıqlamasında ölkədə neft hasilatının artacağını bildirməsi bəzi mütəxəssislər tərəfindən bir qədər təəccüblə qarşılandı.

“Biz, dəniz və quru yataqlarından neft istehsalının artıq stabilləşməsi yox, artımı üzrə proqramı həyata keçiririk”,– deyən ARDNŞ rəhbəri, bunun dənizdə olan Neft Daşları və 28 may, o cümlədən Abşeron, Nərimanov, həmçinin qurudakı mövcud neft yataqlarından hasilatın artması hesabına həyata keçiriləcəyini söyləyib.

“Düşünürük ki, neft istehsalını 2015-ci ilə qədər 2 milyon tona qədər artırmaq imkanı yaranacaq” - deyə, R. Abdullayev köhnə neft yataqlarının işlənməsi ilə bağlı sualı cavablandırarkən qeyd edib. Ancaq məsələ bundadır ki, statistika başqa mənzərə göstərir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2013-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında 8,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrüylə müqayisədə 3,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib; iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 10,5% artaraq 4,1 milyard manat və ya ÜDM-in 48,9%-ini təşkil etdiyi halda, neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 2,6 % azalıb. DSK-nın bundan əvvəl, cari ilin yanvar-fevral aylarında sənayenin işi haqqında məlumatında da ölkənin sənaye sahələrində qeyd olunan müddətdə 5,7 milyard manatlıq məhsul istehsal olunduğu və xidmətlər göstərildiyi, qeyri-neft sektorunda 3,9% artım, neft sektorunda isə 1,4% azalma müşahidə olunduğu göstərilmişdi.
Odur ki, sual yaranır: R. Abdullayevin nikbinliyi görəsən, nəyə əsaslanır?

Yeri gəlmişkən, xatırladaq ki, ötənil iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7% artaraq, ÜDM-də çəkisinin 2011-ci ildəki 48,8%-dən 52,7%-ə qədər yüksəlməsinə rəğmən, 47,3 % paya sahib neft-qaz istehsalı və emalı sahələrində tənəzzül davam etdi və əvvəlki illə müqayisədə 5 % azalma baş verdi. Başqa sözlə desək, keçən il neft hasilatı 43,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kubmetr təşkil etməklə, qaz 5,4 % artdığı halda, neft 5,3 % azaldı.

Xatırladaq ki, sözügedən ildə ölkəmizdə neft üzrə proqnoz 46 milyon ton təşkil edirdi. Ancaq, Nazirlər Kabinetinin (NK) ölkəmizdə 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə dair builin yanvarın 15-ində keçirilən iclasında dövlət başçısının onun əvvəlki toplantıda neftin hasilatı ilə bağlı söylədiyi sözlərin bəlli tərəfdaşlar tərəfindən düzgün anlaşılaraq, görülən tədbirlər nəticəsində 2013-cü ildə neft hasilatının sabitləşəcəyini bəyan etməsi vəziyyətin dəyişəcəyini göstərirdi. Çünki, keçənilin oktyabrında NK-nın iclasında dövlət başçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) buraxdığı kobud səhvlər nəticəsində son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatının kəskin şəkildə aşağı düşməyə başladığını bəyan etmişdi.

Bu fikrə münasibətdə əvvəlki şərhlərimizdə yazmışdıq ki, Prezident əgər, bunu bəyan etməsəydi ötənilin yekununa görə, neft sektorunda hasilat bəlkə, bir az da artıq, aşağı səviyyədə həyata keçiriləcəkdi. Odur ki, indi aydın deyil, hasilatın sabitləşməsi və üstəlik artacağı gözləntisi əslində, ARDNŞ-in, yoxsa "BP-Azerbaijan" şirkətinin “əməyinin” nəticəsidir? Çünki dövlət başçsı qeyd olunan iclasda vəziyyətin dəyişməsinə bilavasitə BP şirkəti ilə aparılan danışıqlar nəticəsində nail olunduğunu və cari ildə hasilatın azalması prosesinin qarşısının nəhayət ki, alınacağı gözləntisinin buna əsaslandığını bildirmişdi. Ona görə ki, Azərbaycanın neft-qaz sektorunda hər hansı bir hasilat mənbəyi üzrə yataqların işlənilmə vaxtının sona yetdiyini söyləmək hələ tezdir. Sadəcə olaraq, əlavə investisiyalara ehtiyac var ki, təkcə hasilatı sabit saxlamaq üçün külli məbləğdə vəsait xərcləmək lazımdır. Belə ki, həm ARDNŞ, həm də "BP-Azerbaijan" şirkəti əlavə qazma işləri aparmalı və mövcud quyuları yenidən işləməlidirlər.

Bu nöqteyi-nəzərdən, R. Abdullayevin açıqlamasında onun öz təbirincə desək, dəniz və quru yataqlarından neft istehsalının artıq stabilləşməsi yox, artımı üzrə proqramın həyata keçirilməsində xeyli vəsait, yeni avadanlıqlar və texnologiyalar tələb edildiyinin, adı çəkilən qurumun da bu işləri həyata keçirmək üçün bütün zəruri hazırlıqları gördüyünün vurğulanması diqqəti cəlb edir. Amma ARDNŞ rəhbərinin dediyi kimi hasilatı 2015-ci ilə qədər məhz 2 milyon ton səviyyəyə qədər artıracağı ola bilsin ki, sual doğursun.
Hər halda əsas, bu deyil.
Hər nə edilsə, hətta operator dəyişikliyi də baş versə, ölkəmizdə neft hasilatı onsuz da azalacaq. Odur ki, bizcə, əsas hədəf ölkənin neft-qaz sektorunda artıq 2 ildən çoxdur müşahidə edilən sözügedən prosesin qarşısının heç olmasa qarşıdakı 5 il ərzində alınması olmalıdır.
O səbəbdən ki, yalnız bu şəraitdə, ölkə iqtisadiyyatının qeyri-neft sektorundakı artıma söykənən ÜDM istehsalı davamlı olaraq əhəmiyyətli xarakter daşıya bilər.
Bunun üçün isə bütün səylər, 2018-ci ilə qədər olan müddətə yönəldilməlidir. Yeri gəlmişkən, cari il üçün ölkəmizdə neft 43,2 milyon ton, təbii qaz hasilatı isə 28,8 milyard kubmetr həcmində proqnozlaşdırılmışdır.




Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:  





Xəbər lenti