Bakıda dünya kuboku yarışı keçirilir

Bakıda dünya kuboku yarışı keçirilir
  03 May 2014    Oxunub:1332
Bu gün Bakıda idman dırmanması üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Dövlət Bayraq Meydanı yaxınlığında təşkil olunan yarışın açılışında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmisi, yarışların baş hakimi Qremi Alderson, idmançılar və azarkeşlər iştirak ediblər.
İdmançılar parad şəklində meydana daxil olduqdan sonra, A.Rəhimov çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib.

Nazir ölkəmizdə təşkil olunmuş beynəlxalq yarışlardan söz açaraq, Azərbaycan idmanının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

O, bu gün start verilən İdman Dırmanması üzrə Dünya Kubokunun əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Hüseynqulu Bağırov iştirakçıları salamlayaraq, Azərbaycanın möhtəşəm idman yarışlarının təşkilində dünyanın nümunəvi ölkələrindən biri olduğunu bildirib.

Onun sözlərinə görə, ötən il keçirilən Dünya Kubokunun möhtəşəm təşkil olunması beynəlxalq federasiyanın diqqətindən yayınmayıb: "İkinci dəfədir ki, Dünya Kuboku Azərbaycanda keçirilir. Ötən il beynəlxalq federasiya bu tədbirin Azərbaycanda keçirilməsində tərəddüd edirdi. Ancaq yarış ölkəmizdə keçiriləndən sonra məlum oldu ki, Azərbaycan Dünya Kubokunu yüksək səviyyədə təşkil edib. Yarışın həm məkan, həm də təşkilatçılıq cəhətdən möhtəşəmliyini, ölkəmizdə idmana göstərilən diqqət və qayğını görən beynəlxalq federasiya bu dəfə özü Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün müraciət etdi".

Nazirin sözlərinə görə, FAİREX yarandığı qısa zaman ərzində böyük uğurlara imza atıb. Federasiya prezidenti vurğulayıb ki, ölkəmizə təşrif buyurmuş peşəkar idmançıların reaksiyasından onların yarışın təşkilatçılığından razı olduqları bəlli olur: "Əvvəllər idman dırmanması Azərbaycanda çox zəif idi, ancaq qısa zaman ərzində bu sahədə idmançılarımız sürətlə yetişdi və müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Ölkəmizdə bu idman növünün inkişafı üçün struktur yaradılır, bazalar inşa olunur və bunun nəticəsidir ki, bu gün bizim yaxşı komandamız var. Ümid edirik ki, bu yarışda da komandamız yaxşı yerlərdən birini tutacaq".

Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmisi, yarışların baş hakimi Qremi Alderson Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu deyərək, Azərbaycanın Gənclər və İdman Nazirliyinə və FAİREX-ə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və mərasim bədii hissə ilə davam etdirlib. Daha sonra yarışalara start verilib.
Qeyd edək ki, yarışda dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı iştirak edir. İki gün davam edəcək Dünya Kubokunda idmançılar iki növ - çətinlik (boulderinq) və sürət üzrə qüvvələrini sınayırlar.


Teqlər:





Xəbər lenti