Qurban Qurbanov şəhid oğlunun arzusunu yerinə yetirdi - FOTOLAR

   Qurban Qurbanov şəhid oğlunun arzusunu yerinə yetirdi -    FOTOLAR
  30 Sentyabr 2022    Oxunub:850
Vətən Müharibəsinin qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli futbol həvəskarıdır. O, yaşadığı Göyçay rayonunda futbol məktəbində məşq edir.
AzVision.az xəbər verir ki, Əlinin ən böyük arzusu “Qarabağ” futbol komandasının üzvləri ilə görüşmək, klubun baş məşqçisi Qurban Qurbanovla tanış olmaq idi.

Şəhid övladının bu istəyindən xəbər tutan Qurban Qurbanov onu “Qarabağ”ın təlim düşərgəsinə dəvət edib. Baş məşqçi Əli ilə görüşərək, onu komandanın üzləri ilə tanış edib.

Daha sonra şəhid övladına Ağdam təmsilçisi adından hədiyyələr təqdim olunub.

Həyatdakı ən böyük arzusuna çatan Əli bu günün onun üçün unudulmaz olduğunu deyib.

Qeyd edək ki, Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1989-1999-cu illərdə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-cü ildə həmin məktəbi "motoatıcı" ixtisası üzrə bitirib və leytenant rütbəsi alıb. Vidadi 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri II Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 31-də Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn edilib.

Sağlığında müxtəlif zamanlarda "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" (1918-2013) yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalına layiq görülən polkovnik-leytenant Vidadi Xəlilov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Şəhidimizin iki övladı Vətənə əmanət qalıb.




Teqlər:







Xəbər lenti