Dünyanın şahmatçı gəncləri Naxçıvanda görüşdü - FOTOLAR

   Dünyanın şahmatçı gəncləri Naxçıvanda görüşdü -    FOTOLAR
  11 Oktyabr 2022    Oxunub:3015
İdman ölkəsi, şahmat diyarı olan vətənimizdə daha bir beynəlxalq şahmat festivalı geridə qaldı. Bu dəfə şahmatın nəbzi Naxçıvan şəhərində döyündü. 2 oktyabrda start verilən 16 yaşadək gənclərin Ümumdünya Şahmat Olimpiadası 10 oktyabrda yekunlaşdı. 23 ölkədən 200 nəfərədək şahmatçının yarışdığı bu turnir gərgin və maraqlı mübarizələrlə yadda qaldı.
Azərbaycan 6, Türkiyə 3, Özbəkistan 2, Gürcüstan 2, Cənubi Afrika 3, Hindistan, Meksika, İran, İngiltərə, Kanada, Kuba, Honq Kong, Şri Lanka, Panama, Livan, Misir və bir çox ölkələr tək komanda ilə yarışlara qatılmışdılar. 50 nəfər titullu şahmatçının da yarışdığı gərgin mübarizə yarışa daha da gözəllik qatdı.

Son turda “Türkiyə Anadolu” komandasını 2,5:1,5 məğlub edən “Azərbaycan 1” komandamız yekunda 13 xal ilə yarışı 3-cü pillədə bitirdi. Digər 5 komandamız isə daha zəif təəssürat bağışladı və ilk üçlükdə yer tuta bilmədi.


Belə yüksək əhəmiyyətli yarışın ölkəmizdə ilk dəfə keçirilməsi gənc şahmatçıların daha inamla irəliləməsinə müsbət təsir göstərsə də, yarışdan istədiyimiz nəticəni əldə edə bilmədik. Bu isə ondan xəbər verir ki, gənc, istedadlı şahmatçılara daha yüksək səviyyədə və mütəmadi təlimlər keçirilməli, real potensiala malik perspektivli gənc namizədlərin hər birinə fərdi diqqətlə yanaşılmalıdır.

Gənc şahmatçılarımız müxtəlif ölkələrdə təşkil edilən vacib turnirlərdə iştirakdan geri qalmamalı və mütləq təcrübə yığmalıdırlar. İştirak üçün seçim isə şəffaf və ədalətli olmalıdır. Vaxtilə beynəlxalq yarışlarda iştirak məsələsində mənim başıma gələn haqsızlıqlar təkrar olunmamalıdır. Bu başqa bir mövzu olduğu üçün hələlik dərinə getmirəm.

Birinciliyi qazana bilməsək də, sevindirici hal bu oldu ki, ilk pillənin sahibi yekunda 18 xal ilə qardaş Türkiyənin “Türkiyə qırmızı” komandası oldu. “Özbəkistan 1” komandası isə yekunda 15 xal ilə 2-ci pillədə yerləşdi.


Yetərincə gərgin və çətin mübarizə şəraitində keçən bu yarışın ölkəmizdə ilk dəfə təşkil edilməsi əhəmiyyətli hadisədir. Yarışın təşkilatçılarından olan Dünya Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçin ilk açılış günündə yarışın maraqlı və gərgin mübarizə şəraitində keçəcəyi barədə fikirləri sonda təsdiqini tapdı. Freyd Loranın baş hakimi olduğu yarış komandalar üçün İsveçrə sistemi üzrə və hər oyunçuya 40 gedişə 90 dəqiqə +30 saniyə formatında keçirildi.

Bu tip yarışlar ölkəmizin gənc və istedadlı yeniyetmə şahmatçılarına müsbət təsir göstərir, onlar üçün bir stimul olur. Səmədov Riad, Talıbov Şiroğlan, Süleymanlı Süleyman, Orucov Fərid, Qasımova Səmra, Abdinova Nərmin, Azadəliyev Cahandar, Aslanov Ümid kimi bir çox titullu gənc şahmatçılar Azərbaycanda şahmatın inkişaf etdiyini göstərdi.

Bundan başqa, yarış çox maraqlı və qürurverici bir məqamla yadda qaldı. İlk yeri tutan qardaş Türkiyə Respublikasını təmsil edən 3 komandanın kapitanı və məşqçisi əslən Azərbaycandan olan, bir zamanların ən güclü kişi şahmatçılarımızdan biri beynəlxalq qrossmeyster Cəmil Ağamalıyev idi.


Son illər “Shusha Chess 2022” daxil olmaqla Azərbaycanda bir çox beynəlxalq yarışların təşkil edilməsi şahmata diqqət və marağın getdikcə artmasından xəbər verir. Ümid edirik ki, ənənəvi olaraq daim dünyanı heyrətləndirən Azərbaycan şahmatçılarının yetişdirilməsində müasir şahmat mərkəzlərinin və uşaq-gənclər şahmat məktəblərinin potensialından geniş istifadə ediləcək. Bunun üçün isə ilk növbədə həmin məktəblərdə çalışan şahmat müəllimlərinin peşəkar imkanlarının attestasiyasını keçirmək və ya zərurət yaranarsa həmin müəllimlər arasında yarışları təşkil etmək faydalı ola bilər. Təcrübəli şahmat mütəxəssislərinin uşaq-gənclər şahmat məktəblərində çalışması isə son nəticədə respublikada reytinqli gənc şahmatçıların yetişməsinə təkan verəcək.


Pərvanə İsmayılova,
Qızlar arasında dünya və Avropa çempionu,
FİDE ustası



Teqlər: Şahmat  





Xəbər lenti