"Hər birinizi izləyirəm, gözümdən heç nə qaça bilməz" - Qurban Qurbanov
O, rəqib komandanın baş məşqçisi Tərlan Əhmədovdan fərqli olaraq hakimlikdən danışmaq istəməyib: "Heç avrokubok oyunlarından sonra çox münasibət bildirmirəm. Qaldı ki öz hakimlərimizdən danışım. Mənə aid olan məsələ deyil. Hakimlər barədə nadirən fikir bildirmişəm, çox etiraz etməmişəm".
Qurbanov oğlu Musa Qurbanlının qaçırdığı penalti epizodu ilə bağlı da fikirlərini bildirib: "Bombardirlik yarışında heç vaxt intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, kimsə penalti vurmaq istəyib, amma əsas penalti vuran vurub. Ramil Şeydayev məni aldatdı, oturduğu yerdən dedi ki, Musa vursun. Bir az nizam-intizamdan kənara çıxdıq. Vuranda da çox şey fikirləşmədim. Birinci və axırıncı oldu. Nizam-intizamdan kənara çıxmaq olmaz".
Təcrübəli çalışdırıcı gənc futbolçu Nəriman Axundzadənin oyununu qiymətləndirib: "Yaxşıdır. Bəzən yaş, bəzən isə təcrübə olaraq gənc olursan. Hələ təcrübə olaraq çox cavandır. Mövsümün əvvəlində götürmüşük. Bəzi gənc oyunçularımız daha əvvəldən burada idi, onlar üçün daha rahat olub. İmkan olduqca Nərimana şans verəcəyik. Yaxşı olsa, çəkinmədən meydana buraxacağıq. Yaşına yox, təcrübəsinə önəm verirəm".
Q.Qurbanov rotasiyalarla oyunçulara istirahət versə də, özünün dincəlməyə vaxtı olmadığını bildirib: "Mən həmişə sizinləyəm, sizin qarşınızdayam. İstirahətə vaxt olmur. Eybi yox, əsas futbolçular istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Yorğunluq, gərginlik olur. Məşqçi yorğunluğu tam başqadır. Düşüncələr də çox olur. Yazılar, müsahibələr oxuyuram, diskussiyalar olur. Mənim üçün xoşdur. Təki belə yorğunluq olsun və yaxşılığa doğru getsin. Azarkeş razı qalanda, komanda yaxşı oynayanda mənim istirahətim bu olur".
Baş məşqçi növbəti turda "Sabah"la keçiriləcək oyunla bağlı da danışıb: "Çox istərdim ki, hər iki komanda ən yaxşı formasında olsun və baxımlı, sürətli oyun alınsın. Komandada yorğunluq hiss olunur. Ən gərgin və vacib perioddayıq. Oyunlar nə qədər yorursa, səfərlər daha ağırdır. Tovuz səfəri də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidir. İstəklərimizdən əl çəkməyəcəyik. Narahatlığım var. Düzgün qərar verməyə çalışacağıq".
Q.Qurbanov mətbuatı hər zaman izlədiyini də əlavə edib: "Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məndən çox işləyir. Ancaq özüm də baxıram. Hörmət əlaməti olaraq izləməliyəm. Əgər sizin işinizdisə, diqqət ayırmalıyıq. Sabah kimsə soruşanda ki, belə yazı olmuşdu, mən də ondan soruşmayım. Gündüz də məlumat verir, amma mən də maraqılanıram. Heç nə gözümdən qaça bilməz. Hər birinizi izləyirəm".
AzVision.az
Teqlər: