Günə 1 dollar xərcləyirmiş... - Dünyanın ən varlı adamının bilinməyən tərəfləri
“Qafqazinfo” onunla bağlı bəzi maraqlı faktları diqqətə çatdırır:
Milyarderin həyatı heç də həmişə uğurlarla əhatələnməyib. Onun həyatına baxdıqda bir şeyi əminliklə demək olar ki, Mask hər bir uğursuzluğu fürsət kimi dəyərləndirib.
Milyarderin vətəni Cənubi Afrika Respublikasıdır (CAR). 1971-ci ildə Pretoriyada anadan olan Mask sonra Kanada, daha sonra isə ABŞ-a köçüb.
İlonun 10 yaşı tamam olanda ona ilk kompüter hədiyyə olunur, proqramlaşdırmanı öyrənir və artıq 12 yaşında ilk kompüter oyununu hazırlayır. Daha sonra bu oyunu 500 dolara satır.
Mask məktəbdə oxuduğu zaman bullinqə məruz qalıb. Sinif yoldaşları tez-tez onu döyürmüşlər. Bir dəfə, hətta onu məktəbdə pilləkəndən itələdiklərinə görə İlon xəstəxanada da yatmalı olur.
Əsgərlikdən yayınmaq üçün CAR-dan Kanadaya köçən gələcək milyarder çətin günlər yaşayır. O, xatirələrində qeyd edir ki, həmin illərdə gündəlik bir dollara yaşayıb.
Mask 2002-ci ildə “SpaceX” şirkətini yaradır. Ayzek Azimovun elmi-fantastik romanlarından ilhamlanan Mask insanlığı, bəşəriyyəti xilas etmək üçün bu addımı atır. O, başqa planetlərdə insanların yaşamasını istəyir və bu istiqamətdə işlər görür.
İlon Mask “Marvel”in superqəhrəmanı Dəmir Adamın (Iron Man) prototipidir. Toni Starkın xarakteri, davranışı və nitqi milyarderdən götürülüb. Yeri gəlmişkən, İlon Mask “İron Man 2” filmində çəkilib. O, burada özünü canlandırıb.
Milyarder, həmçinin çoxuşaqlı atadır. Onun ilk həyat yoldaşı Justin Uilsondan 5 uşağı var. 2020-ci ildə isə kanadalı müğənnidən 6-cı uşağı dünyaya gəlib. Ona X Æ A-12 adını verib.
2003-cü ildə elektrik avtomobillərinin hələ bu qədər dəbdə olmadığı dövrdə İlon Mask “Tesla”nı yaradır. Hazırda isə elektrik avtomobili dedikdə məhz “Tesla” şirkəti yada düşür. 2021-ci ildə şirkətin kapitallaşması 1 trilyon dolları ötür.
Bu ilin ən çox müzakirə olunan hadisələrindən biri də məhz Mask ailəsi ilə bağlıdır. Belə ki, İlon Maskın 18 yaşlı oğlu Ksavye öz cinsini dəyişib. Eyni zamanda adından və atasının soyadından da imtina edərək özünə anasının soyadını (Jüstin Uilson) götürüb.
Görünən budur ki, “SpaceX”, “Tesla”, “The Boring Company”, “Neuralink” və “OpenAI” kimi dünyanın aparıcı və innovativ şirkətinin rəhbəri İlon Mask bundan sonra da öz həyatı, ələlxüsus da görəcəyi işləri ilə dünyanı təəccübləndirməyə davam edəcək.
Teqlər: