Şəhid polkovnik Cahangir Rüstəmovun anım mərasimi keçirilib

Şəhid polkovnik Cahangir Rüstəmovun anım mərasimi keçirilib
  07 Aprel 2023    Oxunub:1969
Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in mərkəzi ofisində "Biz heç kimi unutmuruq!" layihəsi çərçivəsində şəhid polkovnik Cahangir Rüstəmovun anım mərasimi keçirilib.
İdarə Heyətinin üzvü, sabiq dövlət qulluqçusu Nüsrət Paşayevın açıq elan etdiyi mərasimdə TAİB-in İdarə Heyətinin üzvləri, Gənclər Təşkilatı, şəhid polkovnik Cahangir Rüstəmovun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhid polkovnikin timsalında Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gənclər Təkilatının təşəbbüsü ilə reallaşan anım mərasimində öncə şəhid polkovnikin həyatı haqqında tədbir iştirakçılarına məlumat verilib. Ailə üzvləri şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlarından danışıblar.
Şəhid Cahangir Rüstəmovun oğlu mayor Faiq Rüstəmov atasıyla bağlı xatirələrini və birinci Qarabağ döyüşündəki göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb. O, bildirib ki, atası 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirərək, ordu hissələrində müxtəlif vəzifələrdə işləyib. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə ordu sıralarından tərxis edilib.

Buna baxmayaraq, Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə yollanıb, Şəmkir-Gədəbəy batalyonunu yaradıb. Bir neçə belə özünümüdafiə batalyonları birləşdirilən vaxt müdafiə naziri tərəfindən alay komandiri təyin edilib. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 kilometrlik sərhədin müdafiəsinə cavabdehlik daşıyıb.

1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən, C.Rüstəmov hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməyib. O, 11 ədəd "SU-24″, "MİQ-25″, 3 ədəd "İL-26″ təyyarələrini, 1 ədəd "Mİ-8″ vertolyotunu, aviatexnikanı, külli miqdarda hərbi sursatı müsadirə edib. Elə həmin il uğurlu Başkənd (Artsvaşen) əməliyyatında iştirak edib.

1988-ci ildən Gədəbəyin, Şınıxın sərhəd kəndlərinin qorunması bilavasitə C.Rüstəmovun adı ilə bağlıdır.

1992-ci ildə Başkənd (Artsvaşen) əməliyyatı uğurla başa vurub. Elə bu döyüşdə də onun sərkərdəlik bacarığı, mahir hərbiçi olmaq keyfiyyətləri aşkara çıxıb. Vətən torpaqlarının erməni quldurları tərəfindən işğalına yol verməyən polkovnik C.Rüstəmovun ömür yolu 1994-cü ilin mart ayında başa çatıb. İş başında olarkən faciəli sui-qəsd nəticəsində həlak olduğunu deyib.

Daha sonra mərasim iştirakçıları şəhid polkovnik Cahangir Rüstəmovun yüksək mənəvi və iradi keyfiyyətlərindən, peşəkarlığından, Mutudərə uğrunda döyüşlərdə göstərdiyi fədakarlıqlardan danışaraq Azərbaycan torpağının hər zaman belə igid və cəngavər qəhrəman oğullar yetişdirdiyini bildiriblər.

Qeyd olunub ki, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində də biz bunun bir daha şahidi olduq. Gənclərimiz tarix boyu bu Vətənin yetişdirdiyi qəhrəman oğullarından ilhamlanaraq 44 günlük Vətən müharibəsində də öz igidliklərini göstədilər.

TAİB üzvü Sara Göyçəli 1994-cü ildə şəhid polkovnikə həsr etdiyi şeiri, digər üzvlər isə şəhidlərə həsr etdikləri şeirləri səsləndiriblər.

Qeyd edək ki, şəhid polkovnik Cahangir Rüstəmov ölümündən sonra Ulu Öndər Heydər Əliyevin 5 aprel 1994-cü il fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişdir.

AzVision.az



Teqlər:





Xəbər lenti