"2023 Formula 1"in tribuna biletlərinin hamısı satıldı
Məlumata görə, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran Prisinə bütün tribuna biletlərinin satılıb.
Qeyd edək ki, 28-30 aprel tarixlərində baş tutacaq bu yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu Bakıda qarşılayacağıq. Yarış həftəsonunda dünyanın dörd bir yanından gələn turistlər Formula 1 Azərbaycan Qran Prisində öz ölkəsini azarkeş qismində təmsil edəcək.
BŞH-nın baş direktoru Maqsud Fərzullayev bütün biletlərin satılması ilə bağlı fikirlərini bölüşüb: “2023 FORMULA 1 Azərbaycan Qran Prisinə sayılı günlər qalmış bütün tribunalara olan yerləri satdığımızı elan etməkdən məmnunuq. Bu il biz ötən illərlə müqayisədə rekord sayda azarkeşi qarşılayaraq, bu yarışı daha da yaddaqalan şəkildə keçirməyi hədəfləyirik. Formula 1 yarışının paytaxtımıza qayıtmasına son günlər qalmış əsas məqsədimiz hər kəsə unudulmaz bir təcrübə yaşatmaqdır. Bakı Şəhər Halqası olaraq biz bu yarışa tam hazırıq və yarış həftəsonunda bütün azarkeşləri səbirsizliklə gözləyirik!”
Azarkeşlər üç gün davam edəcək yarışdan sonra Bulvardakı böyük səhnədə DJ Don Diablo və DJ Hardwell konsertlərindən zövq alacaqlar.
28 aprel, cümə günü start götürəcək Formula 1 Azərbaycan Qran Prisi bu il ilk dəfə olaraq Sprint yarışına ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran Prisi bazar günü baş tutacaq.
AzVision.az
Teqlər: