Dohada ilk medalı qazandıq – Fotolar

Dohada ilk medalı qazandıq –    Fotolar
  12 May 2023    Oxunub:3381
Qətərin paytaxtı Doha şəhərində davam edən cüdo üzrə dünya çempionatında Azərbaycan yığma komandasına ilk medalı “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev qazandırıb. Çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal uğrunda mübarizədə gürcüstanlı İlya Sulamanidzeyə qalib gəlib.
Yarışın 6-cı günü Zelim Kotsoyev (100 kq) Aleksandr Kukolja (Serbiya) qalib gəlib. Növbəti qarşılaşmada isə cüdoçumuz Aaron Faranı (Avstriya) yenərək, dörddəbir finala çıxıb. Pyotr Palçik (İsrail) üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. Yarımfinalda ikiqat olimpiya çempionu olan çexiyalı idmançı Lukaş Krpaleklə üzləşib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb. Əlavə vaxtda Zelim fənd işlədərkən başı ilə tatamiyə toxunub, bu isə yeni qaydalarla qadağandır. Nəticədə o, finala çıxmaq şansından məhrum olub. Bürünc medal uğrunda mübarizədə isə İliya Süleymanidzeyə (Gürcüstan) qalib gələrək, komandamıza ilk mükafatı qazandırıb.

Fərdi qarşılaşmaların sonuncu günündə əldə olunan bu medal yığma komandamız üçün təsəllidir. Belə ki, komanda üzvlərinin çempionatda uğursuzluğu ölkə mətbuatında ciddi tənqid olunub. Təbii ki, idman mübarizə meydanınıdır və burada bəxt amili, hakim subyektivliyi də əhəmiyyətli rol oynayır.


Komandamızla birlikdə hazırda Dohada olan Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov bu barədə açıqlama verərkən klubun digər idmançısı Murad Fətiyevin əzmkarlığını misal göstərib.

Gənc cüdoçumuz iki rəqibinə qalib gəldikdən sonra 1/8 finalda çox güclü kubalı idmançı, 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçı, dəfələrlə Panamerika çempionatının və bir sıra mötəbər turnirlərin qalibi İvan Felipe Silva Moralesə uduzub və təəssüf ki, bu məğlubiyyətdə hakimlərin də qeyri-obyektivili az rol oynamayıb.


Zəlim Kotsoyev də bürünc medal uğrunda mübarizəyə qədər və gürcü rəqibi ilə qarşılaşmanın özündə hakimlərdən belə münasibət görüb. Lakin əsl döyüşçü iradəsi göstərək komandamıza medal qazandıra bilib. “Judo Club 2012”nin rəhbərliyi onun fədakarlığını yüksək dəyərləndirir. Onu da qeyd edək ki, yığma komandanın tərkibindəki 9 idmançıdan 3-ü Zelim Kotsoyev, Murad Fətiyev və Səid Mollayi Azərbaycanda cüdonun inkişafına sanballı töhfələr verən “Judo Club 2012”nin üzvüdürlər.

Xatırladaq ki, Dohada 99 ölkədən 657 (343 kişi, 314 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 9 kişi və 4 qadın ilə təmsil olunur. Çempionat mayın 14-də başa çatacaq. Həmin gün yarış komanda formatında keçiriləcək.

Samir Quliyev
AzVision.az



Teqlər: Cüdo  





Xəbər lenti