DİN: "Vətəndaşlar 200 mindən çox videomüşahidə vasitələri quraşdırıblar"

   DİN:    "Vətəndaşlar 200 mindən çox videomüşahidə vasitələri quraşdırıblar"
  13 May 2023    Oxunub:1900
"Vətəndaşlar 200 mindən çox fərdi videomüşahidə vasitələri quraşdırıb ki, bu işin təşkili polis əməkdaşlarının təşəbbüsü ilə təşviq edilib. Həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə daxil edilmir. Lakin obyektlərdə və yaşayış binalarının girişlərində olan kameraların görüntülərindən cinayətlərin qarşısının alınmasında və açılmasında istifadə olunur".
AzVision.az xəbər verir ki, bu fikirləri DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə səhifələrində polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi vəsaiti hesabına yaşayış binalarında müşahidə kameraların quraşdırılması ilə bağlı iddialar yayılıb: "İctimai yerlərdə - əhalinin sıx və hərəkətin intensiv olduğu küçə və prospektlərdə, parklarda, xiyabanlarda, keçidlərdə müşahidə kameraları dövlət tərəfindən quraşdırılıb və bu işlər bu gün də davam etdirilir. Vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarında isə DİN tərəfindən videomüşahidə kameraları quraşdırılmır. Bu işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər və mənzil sahibləri tərəfindən özlərinin şəxsi vəsaitləri hesabına həyata keçirilir".

DİN rəsmisi əlavə edib ki, bəzi sosial şəbəkə səhifələrində çoxmənzilli yaşayış binalarında müşahidə kameraların quraşdırılmasından bəzi şəxslərin narahatlığı ilə bağlı qəsdən məlumatlar yayırlar: "Minlərlə vətəndaş DİN-ə müraciət edərək bu cür kameraların onlara məxsus obyektlərdə, yaşadıqları binaların girişlərində qoyulmasına köməklik göstərmələrini xahiş edir. Vətəndaşlarımız yaxşı bilirlər ki, müşahidə kameraları olsa, onlara məxsus obyektlərin etibarlı mühafizəsi təmin olunacaq, yaşayış binalarının girişlərində antisanitar vəziyyət və arzuolunmaz insanların ora toplaşmalarına qarşı mübarizə daha effektli olacaq. Vətəndaşlarımızın bu təşəbbüsü polis əməkdaşları tərəfindən yalnız təşviq edilir.

Kameraların alınması və quraşdırılması isə obyekt və mənzil sahibləri tərəfindən təşkil olunur. Obyektlərdə, yaşayış binalarında fərdi müşahidə kameralarının polis əməkdaşları tərəfindən quraşdırılması ilə bağlı iddialar tam əsassızdır, həqiqəti əks etdirmir. Vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarının girişində kameraların quraşdırılmasından o şəxslər narahatdırlar ki, öz həyat tərzlərinin, qanunsuz əməllərinin ifşa olunmasından ehtiyat edirlər".
AzVision.az



Teqlər: Kamera  





Xəbər lenti