Doktorantura və dissertanturaya xarici dil üzrə qeydiyyat başlayıb
Bildirilib ki, bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər DİM-in internet saytında (https://azvision.az/redirect.php?url=http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatla bağlı təlimatla buradan tanış ola bilərsiniz.
İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat) silinir.
Qeyd edilib ki, DİM doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən namizədlərin xarici dil seçiminə məhdudiyyət qoyulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.
Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar sertifikatın hər iki üzünün surətini JPG faylda (hər faylın ölcüsü 300 kb-dan çox olmamaqla) qeydiyyat səhifəsində yükləməlidirlər Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra namizədlərə məlumat verilir, sonra isə namizəd öz ərizəsini təsdiq edir və xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
Xarici dildən imtahanda keçid balını (minimal 25 bal) toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər növbəti mərhələyə – fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.
Xarici dildən doktoranturaya qəbul imtahanı dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Qəbul proqramı ilə müvafiq keçidlərdə (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz. Proqram üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan dil və nitq bacarıqları və imtahanın strukturu haqqında aşağıdakı linkə keçid alaraq https://dim.gov.az/upload/iblock/0b9/0b91adc57997386b70babf3b4e04177f.pdf məlumat ala bilərsiniz.
Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2023-cü il iyunun 11-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.
AzVision.az
Teqlər: