Şəhid əmanətlərinin 1 uyun sevinci – Fotolar+Video
Şəhid övladları milli güləş ilə fiziki hazırlıqlarını nümayiş etdiriblər. Müxtəlif əyləncələrdən sonra havaya çərpələnglər uçurulub.
Daha sonra şəhid ailələrinin görüşünə gələn əməkdar artist Rəşad İlyas, Ruhəngiz Allahverdiyeva öz mahnılarını onlara və Vətənimizə həsr ediblər. Tədbiri idarə edən aparıcı Jalə Həsənova şəhid övladlarına yeməklər hazırlamağa gələn Xızı şəhidlərinin anaları ilə bərabər bayram süfrəsi üçün çörək xəmiri açıb, onların qürur dolu hisslərinə şərik olub.
“Fireland producton”un rəhbəri, tədbirin təşkilatçısı Cəlal Qurbanov bu fikirləri dilə gətirib : “Ailəmizin daha bir yığıncağı, bayramı, şad günü kimi hiss edirəm bu tədbirləri. Ailəmiz deyəndə təbii ki, şəhid ailələri ilə olan bağlılığımızı nəzərdə tuturam. Onlar özləri də təqvimdəki bütün əlamətdar günlərdə bir yerdə olacağımızı artıq əvvəlcədən bilirlər, hiss edirlər. Bu “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin komandasının müqəddəs missiyası, borcudur.
Şəhid əmanətləri bilirlər ki, mən onların təbəssümü ilə xoşbəxt oluram. Ömrümün sonuna qədər də belə olacaq. Şəhidlərimizin doğmaları mənim də doğmalarımdır. Prezidentimiz İlham Əliyev çıxışlarında hamımızın içindən gələn borcluluq hissini vurğuladıqca, mən də davam etdirdiyimiz bu ənənənin doğru olduğuna bir daha əmin oluram”.
Cəlal Qurbanov qonaqpərvərliyə və dadlı təamlara görə Xızı şəhidlərinin valideynlərinə minnətdar olduğunu bildirib: “Onlar öz həmdərdlərini doğmalıqla qarşıladılar. Hər birimizə unudulmaz gün yaşatdılar. Dərdlərini birliyə çevirdilər. Daha sonra layihələrimizin ilk günündən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Onlar tək özləri deyil, ailələri ilə bərabər əlamətdar günlərimizdə şəhid ailələrinin yanında oldular. Xüsusilə yenə də bütün layihələrimizdə şəhid ailələrini göz bəbəyi kimi qoruyan, onlara təzim edən Daxili İşlər Nazirliyinə minnətdaram. Bakıdan Xızıya qədər şəhid ailələrinin toplandığı avtobusları müşaiyət edən Xızı Rayon Polis şöbəsinin əməkdaşları tədbir boyu da bizimlə oldular. Onlar öz vəzifələrinu artıqlaması ilə yerinə yetirdilər”.
Qeyd edək ki, “Fireland Production”un təşkilatçılığı ilə son 2 ildə “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 20-dən çox tədbir keçirilib, onlara 2000-dən çox şəhid əmanəti dəvət edilib. Bütün tədbirlər şəhid yaxınlarının, ictimai-siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin iştirakı ilə Şuşa Şəhər Dövlət Qoruğu, “DreamLand” Golf Club, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzinin qarşısı kimi önəmli məkanlarda təşkil olunub.
Teqlər: 1-iyun