İntihar edən Münəvvərin əri həbs edildi
O, Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış işə təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra cinayət işinin materialları Göyçay Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, 3 uşaq anası olan M.Məmmədovanı həyat yoldaşı intihar həddinə çatdırıb. Məlum olub ki, S.Məmmədov 2014-cü ildə ailə qurduğu Münəvvəri dəfələrlə döyərək amansız rəftar edib, onun valideynlərini söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçaldıb. Həmçinin səhhətində problemlər olan həyat yoldaşını Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada uşaqlarından ayrı, şəraitsiz halda olan həmin fermada saxlayıb. Sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə həyat yoldaşının başqa şəxslə mesajlaşdığını öyrəndikdən sonra arvadını döyərək ona xəsarətlər yetirib.
Bundan sonra S.Məmmədov M. Məmmədovaya boşamaq, atasının evinə göndrəmək və uşaqlarını əlindən almaqla hədə-qorxu gəlib, onu intihar həddinə çatdırıb. Nəticədə 29 yaşlı qadın özünü tövlədə asaraq həyatına son qoyub.
Bundan sonra Sahil yaxınları ilə birgə M.Məmmədovanın cənazəsini Göyçaydan yaşadığı İsmayıllı rayonuna aparıb və hər kəsə onun böyrək çatışmazlığından öldüyünü bildirib. Lakin qadının valideynləri bununla razılaşmayıb və mərhumun bədənində xəsarətlərin olduğunu bildirərək hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını tələb ediblər.
M.Məmmədovanın atası qızının S.Məmmədov tərəfindən öldürüldüyünü iddia edib.
Göyçay Rayon Məhkəməsində keçirilən proses bu günlərdə başa çatıb. Məhkəmənin hökmü il həyat yoldaşını intihar həddinə çatdıran şəxsə 5 il həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.(Qafqazinfo)
AzVision.az
Teqlər: