Nisyə mal vermədi, baltalandı
Qeyd edək ki, 2022-ci il iyulun 6-sı saat 22 radələrində Yardımlı rayonu, Ostayır kənd sakini, 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmə istintaqı zamanı F.Məstiyev Cinayət Məcəlləsinin (CM) 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 120.2.11-ci maddəsi ilə təqsirli bilib.
F.Məstiyev ifadəsində göstərib ki, həmkəndlisi, mərhum Gülxar Məmmədova yaşadığı evin həyətyanı sahəsində olan kiçik dükanda ərzaq məhsulları satırmış. O, arabir həmin dükandan siqaret, ərzaq və s. aldığını deyib. Hadisədən təxminən iki-üç ay əvvəl Gülxarın dükanına gedərək ondan nisyə siqaret istəyib. Qadın isə ona nisyə siqaret verməkdən imtina edib. Gülxarın bu hərəkəti Firqətdə nifrət hissi yaradıb və ona pis təsir edib.
6 iyul 2022-ci ildə, saat 18 radələrində həmkəndliləri ilə birlikdə yaşadığı evdə yemək yeyib. Vaqif və Orxanla birlikdə bir litr spirtli içki içdikdən sonra saat 21 radələrində həmkəndlisi Ramil Sadıqovun qızının toy məclisinə gedib. Toyda təxminən 5-10 dəqiqə oturduqdan sonra oradan çıxıb evinə qayıdarkən Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən dükanda olduğunu görərək oraya girib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Gülxarla danışarkən qadın onu nalayiq sözlərlə təhqir edib. Buna görə də qadını öldürmək qərarına gəlib. O, dükanın yanında odun doğranılan yerdə olan baltanı götürüb, içəri girib. Daha sonra Firqət balta ilə Gülxar Məmmədovanın baş nahiyəsinə üç ardıcıl zərbə vurub. Bu zaman qadın yerə yıxılıb. O, qadının öldüyünə əmin olduqdan sonra baltanı yerə ataraq dükandan çıxıb, yaşadığı evə tərəf gedib. F.Məstiyev qeyd edib ki, zərərçəkmiş şəxsə qarşı quldurluq etməyib, məqsədi yalnız onu öldürmək olub. O, törətdiyi cinayətə görə peşmanlıq hissləri keçirmədiyini bildirib.(Pravda.az)
AzVision.az
Teqlər: