Bir ay ərzində ərsəyə gəlmiş klipin iştirakçıları və mahnının ifaçıları əslində həm də Azərbaycanın müxtəlif bölgələrindən olan şəhid övladlarıdır. Zamiq Hüseynovla bərabər hazırlanmış layihə böyük maraq doğurub.
Tədbirə şəhid əmanətləri ilə yanaşı ictimai şəxslər, deputatlar, müxtəlif nazirliklərin məsul şəxsləri, AYB-nin təmsilçiləri, mətbuat və media nümayəndələri, korifey sənətçilər, eləcə də tanınmış müğənnilər dəvət olunublar. Tədbiri tanınmış aparıcılar Ceyhun Əli, Kamilə Babayeva, Jalə Həsənli idarə ediblər. Tədbir Təranə Yusubovanın rəhbərlik etdiyi "Şuşa" uşaq xoru ilə açılıb.
"Fire Land Group"un rəhbəri, eləcə də "Mənim Atam Qəhrəmandır", "Mənim Oğlum Qəhrəmandır" layihələrinin təşkilatçısı, AYB üzvü Cəlal Qurbanov deyib ki, 2-ci Qarabağ savaşı bitdikdən sonra valideynlərini itirmiş şəhid balalarının qəlbindəki nisgil, atasızlıq kədəri, oğullarını şəhid vermiş anaların qürur qarışıq göz yaşları onu "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələrini yaratmağa sövq edib.
- Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunu şad etmək, onların övladlarının, analarının qəlblərini sevindirmək bizim üçün ən ümdə məqsədə, ən müqəddəs arzuya çevrildi,- Cəlal Qurbanov bildirib,- Bu layihələri etməkdə məqsədimiz bu şirin balaların qəhrəman ataları ilə hər zaman qürur duymaqları, övladlarını qurban vermiş anaların ürəyini az da olsa toxtatmaq idi.
Xoşbəxtəm ki, yüzlərlə qəlblərə toxunan, yüzlərlə ürəyə sevinc bəxş edən bu layihələrin himni də artıq ərsəyə gəldi.
Cəlal Qurbanov bildirib ki, sözləri Xanım İsmayılqızına, musiqisi mənə, aranjmanı Rəşad Bağırova məxsus olan, gözəl avazlı müğənnimiz Zamiq Hüseynovun ifasında səslənən bu himn bizim hər birimizin ürək sözləri, ruhumuzun səsi, qəhrəmanlara olan dərin ehtiramımız və sevgimizdir: "Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, şəhid ailələrinə diqqət dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının borcu, vəzifəsidir. Məhz bu səbəbdən vitse-prezident, birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin dərdini bağrına basıb, bu ailələrin rifahı üçün əlindən gələn yardımı etməyə çalışır. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov isə öz layihələrindən əlavə, bizim tədbirlərimizi də yaxından izləyir. Hər zaman yanımızda bir nazirliyin adını xüsusi qeyd etmək istəyirəm. Şəhid əmanətlərini hərbi salamla qürurlandıran Daxili İşlər Nazirliyinin əməkdaşlarına, xüsusilə Vilayət Eyvazova bu doğmalıq və borcluluq hissini şəhid əmanətlərinə ötürə bildiklərinə görə təşəkkür edirəm. Vətən müharibəsindəki birliyimiz “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələrində də özünü göstərdi. Bu layihə birlik layihəsidir. Əziz şəhid övladları, əziz şəhid anaları! Bəli, sizin atalarınız, sizin oğullarınız qəhrəmandır və hər bir Azərbaycan övladı qəhrəmanlarımızla fəxr edir!"